Siyasət

Məkkə müqaviləsi: Türkiyə, Pakistan və Səudiyyə bir-birini necə qoruyacaq?

17 Aug 2026, 20:00 2 baxış
Məkkə müqaviləsi: Türkiyə, Pakistan və Səudiyyə bir-birini necə qoruyacaq?
Avqustun 7-də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın Məkkədə imzaladığı üçtərəfli müdafiə sazişi Yaxın Şərq və Cənubi Asiyanın təhlükəsizlik xəritəsində yeni mərhələnin başlanğıcı hesab edilir. Məkkə müqaviləsinin əsas müddəasına görə, üç ölkədən hər hansı birinə qarşı silahlı hücum digər iki dövlətə qarşı da hücum hesab ediləcək. Bu format təbii olaraq NATO-nun kollektiv müdafiə mexanizmi - Vaşinqton müqaviləsinin 5-ci maddəsini xatırladır və sazişə imza atan ölkələrin təhlükəsizlik sahəsində daha sıx koordinasiya qurmaq niyyətini ortaya qoyur. Saziş yalnız qarşılıqlı müdafiə öhdəliyi ilə məhdudlaşmır. Ankara tərəfindən açıqlanan detallara görə, tərəflər siyasi və hərbi koordinasiyanı gücləndirmək, birgə hərbi təlimlər keçirmək, müdafiə sənayesi və texnologiya sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Eyni zamanda, sənədin konkret olaraq hər hansı dövləti hədəf almadığı bildirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə avqustun 17-də "Al Jazeera"yə müsahibəsində sazişin mahiyyətini NATO-nun 5-ci maddəsi ilə müqayisə edib və gələcəkdə digər ölkələrin də bu mexanizmə qoşula biləcəyini açıqlayıb. Sazişin genişlənməsi ehtimalı isə onun gələcəkdə daha böyük geosiyasi platformaya çevrilə biləcəyi barədə müzakirələri artırır. Bəs Məkkə müqaviləsi NATO-nun regiondakı analoquna çevrilə bilər? Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan real hərbi böhran zamanı bir-birinə nə dərəcədə dəstək verə biləcəklər? Pakistanın ABŞ və Çindəki sabiq səfiri Məsud Xan Oxu.Az-a açıqlamasında bildirib ki, Məkkə Birgə Müdafiə Sazişinin imzalanması tarixi hadisədir:
"Müsəlman ölkələri onilliklərdir ki, müdafiə mexanizmi yaratmağa can atırdılar, lakin buna nail ola bilmirdilər. Ötən il İsrail Fələstinlə danışıqlar aparan şəxslərə Dohada hücum etdikdən sonra Körfəz ölkələri belə qəfil hücumlar qarşısında heç bir çəkindirmə qabiliyyətinə malik olmadan həssas vəziyyətdə olduqlarını dərk etdilər. Bundan qısa müddət sonra, 2025-ci ilin sentyabrında Səudiyyə Ərəbistanı və Pakistan gələcəkdə genişlənməsi üçün əsas rolunu oynayan Strateji Qarşılıqlı Müdafiə Sazişi imzaladılar. Bu il ABŞ-İsrail-İran müharibəsinin fonunda Türkiyə və Misir bu sazişə qoşulmaq istəklərini ifadə etdilər. Misir hələ də məsələni nəzərdən keçirir, Türkiyə isə artıq pakta qoşulub. Genişləndirilmiş bu pakt artıq Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanını kollektiv çəkindirmə çətiri altında birləşdirib. Bu, regiondakı güc strukturunu pozmaq məqsədi daşımır; məqsəd bu üç ölkənin hər hansı ölkə və ya aktor tərəfindən təcavüzə məruz qalmamasını təmin etməkdir". "NATO ilə Məkkə müqaviləsi arasında həm oxşarlıqlar, həm də fərqlər var. NATO 32 üzv ölkədən ibarət daha böyük bir ittifaqdır, Məkkə müqaviləsinin isə üç üzvü var. NATO geniş resurslara, böyük maliyyə imkanlarına və nüvə arsenallarına malikdir, Məkkə müqaviləsi isə hələ başlanğıc mərhələsindədir. Bununla belə, bu üç ölkənin artıq mövcud müdafiə sənayesi və iqtisadi əməkdaşlıq imkanları var. Nəhayət, NATO sırf müdafiə xarakterli deyil, həm də hücum xarakterli əməliyyatlar da həyata keçirə bilər. Məkkə müqaviləsi isə müdafiə mexanizmidir", - deyə keçmiş diplomat vurğulayıb. Onun sözlərinə görə, Məkkə müqaviləsi heç bir konkret ölkəyə, o cümlədən İrana, ABŞ-yə və ya İsrailə qarşı yönəlməyib: "ABŞ onun yaradılmasını alqışlayıb. Prezident Tramp bunu özünün "Truth Social" hesabında ifadə edib. Digər iki ölkədən birinə qarşı hər hansı təcavüz və ya regional siyasi münaqişə baş verdiyi təqdirdə Türkiyənin digər iki imzaçı ölkə ilə tam həmrəyliyini nümayiş etdirəcəyi ehtimal olunur. Əgər Misir də pakta qoşularsa, yeni təhlükəsizlik arxitekturası Şimali Afrikaya qədər genişlənəcək və potensial olaraq bütün Yaxın Şərqi əhatə edəcək". "Paktın imzaçıları bildiriblər ki, silahlanma yarışına başlamaq istəmirlər, çünki onun məqsədi çəkindirməni gücləndirməkdir. Bununla belə, regionda yeni güc mübarizəsinin başlaması tamamilə mümkündür. Bu isə diplomatiyaya müraciəti daha da vacib edir. Üç ölkə - Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə açıq şəkildə bildiriblər ki, müharibələrin, eskalasiyanın qarşısını almaq və münaqişələri həll etmək üçün siyasi kapitallarından istifadə edəcək, diplomatik vasitələrə üstünlük verəcəklər", - müsahibimiz fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Məkkə müqaviləsi hələlik daha çox üç dövlətin təhlükəsizlik siyasətlərini bir-birinə yaxınlaşdıran yeni çərçivə kimi görünür. Onun gələcəkdə formal hərbi ittifaqa, daha geniş regional təhlükəsizlik mexanizminə və ya sadəcə, böhran dövrünün siyasi-hərbi koordinasiya platformasına çevrilib-çevrilməyəcəyi hələ ki müzakirə predmetidir. Ankara NATO üzvüdür, böyük və döyüş təcrübəsi olan silahlı qüvvələrə, inkişaf etmiş müdafiə sənayesinə və xüsusilə pilotsuz uçuş aparatları, elektron müharibə və hava hücumundan müdafiə sahələrində artan texnoloji imkanlara malikdir. Pakistan isə nüvə silahına malik yeganə müsəlman dövləti olmaqla yanaşı, Səudiyyə Ərəbistanı ilə uzunmüddətli hərbi əlaqələrə sahibdir. Beləliklə, üç ölkənin imkanları bir-birini müəyyən mənada tamamlayır. Türkiyə texnologiya və hərbi sənaye, Pakistan hərbi kadr və strateji çəkindirmə imkanları, Səudiyyə Ərəbistanı isə maliyyə resursları və Körfəz regionundakı strateji mövqeyi ilə fərqlənir. Bu sintez sazişə onun təkcə siyasi bəyanat deyil, müəyyən maddi baza üzərində qurulan təşəbbüs kimi baxmağa imkan verir. Beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmayıl CingözOxu.Az-a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişini güclü ifadələrlə dəstəkləməsi, Vaşinqtonun regional təhlükəsizlik siyasətini qiymətləndirərkən artıq fərqli tərəfdaşlıq modellərinə daha açıq olduğunu göstərir:
"Trampın sazişi "böyük, cəsarətli və mühüm ilk addım" kimi xarakterizə etməsi, xüsusilə region ölkələrinin öz təhlükəsizliklərinin təmin edilməsində daha çox məsuliyyət daşımasını istəyən Amerika yanaşması ilə birbaşa üst-üstə düşür. Bu baxımdan, Məkkə müqaviləsi yalnız üç ölkə arasında imzalanmış klassik hərbi əməkdaşlıq sənədi deyil. Türkiyənin hərbi təcrübəsi və müdafiə sənayesi imkanları, Pakistanın çəkindirici hərbi gücü və Səudiyyə Ərəbistanının iqtisadi imkanlarının eyni çətir altında birləşməsi regional təhlükəsizlik baxımından diqqətəlayiq güc kombinasiyası yaradır. Birgə təlimlərdən hərbi koordinasiyaya, müdafiə sənayesi əməkdaşlığından texnologiya və istehsal tərəfdaşlıqlarına qədər uzanan mexanizmlər bu strukturun uzunmüddətli və institusional xarakter qazana biləcəyini göstərir". "Türkiyə bu gün yalnız mövcud təhlükəsizlik institutlarının üzvü olan ölkə deyil, eyni zamanda, yeni təhlükəsizlik modellərinin yaradılmasına təşəbbüs göstərən, hərbi və diplomatik imkanları ilə regional nizamın formalaşmasında rol oynayan aktora çevrilir. Məkkə müqaviləsi də Türkiyənin NATO üzvlüyünü qoruyaraq strateji muxtariyyətini inkişaf etdirə bildiyini və Qərblə münasibətlərini saxlayaraq regional liderlik imkanlarını artıra bildiyini göstərməsi baxımından diqqətəlayiqdir", - şərhçi diqqətə çatdırıb.
Beləliklə, vurğulaya bilərik ki, Məkkə müqaviləsi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın təhlükəsizlik sahəsində bir-birinə daha sıx bağlanmaq niyyətinin siyasi ifadəsidir. Daha mühümü, bu təşəbbüs Yaxın Şərqdə təhlükəsizliyin artıq yalnız xarici güclərin təminatından asılı olmaması ideyasının gücləndiyini göstərir.
Məkkə müqaviləsi: Türkiyə, Pakistan və Səudiyyə bir-birini necə qoruyacaq? Məkkə müqaviləsi: Türkiyə, Pakistan və Səudiyyə bir-birini necə qoruyacaq? Məkkə müqaviləsi: Türkiyə, Pakistan və Səudiyyə bir-birini necə qoruyacaq? Məkkə müqaviləsi: Türkiyə, Pakistan və Səudiyyə bir-birini necə qoruyacaq? Məkkə müqaviləsi: Türkiyə, Pakistan və Səudiyyə bir-birini necə qoruyacaq? Məkkə müqaviləsi: Türkiyə, Pakistan və Səudiyyə bir-birini necə qoruyacaq? Məkkə müqaviləsi: Türkiyə, Pakistan və Səudiyyə bir-birini necə qoruyacaq? Məkkə müqaviləsi: Türkiyə, Pakistan və Səudiyyə bir-birini necə qoruyacaq?
Mənbə oxu.az

Oxşar Xəbərlər