Dünya

Bruney sarayında qalmaqal: Sultan gəlinini bütün titullardan məhrum etdi

17 Aug 2026, 19:54 2 baxış
Bruney sarayında qalmaqal: Sultan gəlinini bütün titullardan məhrum etdi
Bruneydə Sultan Hacı Həssanal Bolkiah monarxa qarşı hörmətsizlik və qeyri-etik davranış səbəbindən gəlinini bütün titullarından məhrum edib. Oxu.Az xəbər verir ki, bu barədə "People" məlumat yayıb. Taxt-taca namizədlər arasında dördüncü sırada olan şahzadə Əbdül Malikin həyat yoldaşı, 33 yaşlı Pengiran Raabiatul Adaviyah avqustun 8-də imzalanan fərmanla şahzadə-konsort titulunu itirib. Saraydan verilən açıqlamaya görə, onun hərəkətləri monarxiyanın nüfuzuna xələl gətirib və Sultan Bolkiaha qarşı hörmətsizlik kimi qiymətləndirilib. Bununla belə, nə rəsmi bəyanatda, nə də yerli mətbuatda onun konkret hansı addımı atdığı açıqlanmır. Əvvəlki hallarda sultan boşanmadan sonra keçmiş arvadlarını titullardan məhrum etsə də, bu dəfə ayrılıqdan söhbət getmir. 2015-ci ildə ailə həyatı qurmuş Adaviyah və şahzadə Əbdül Malikin nikahı qüvvədədir. Cütlüyün dörd qızı var. Onların hər biri şahzadə titulunu və taxt-tac varisliyi xəttindəki yerini qoruyub saxlayır. Titullardan məhrum edilən gəlin və onun əri yaranmış vəziyyətlə bağlı hər hansı bir şərh verməyiblər. Qeyd edək ki, 1967-ci ildən bəri hakimiyyətdə olan 80 yaşlı sultan dünyadakı son mütləq monarxlardan biri olmaqla yanaşı, ən uzun müddət taxtda qalan hazırkı hökmdardır. O, daha əvvəl sərt cəzaları nəzərdə tutan şəriət qanunlarının tətbiqinə görə tənqidlərə məruz qalmışdı. Onun sərvətinin təqribən 50 milyard dollar olduğu ehtimal edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər