Siyasət

Seçkiöncəsi Ermənistanda siyasi qütbləşmə dərinləşir

28 May 2026, 19:24 1 baxış
Seçkiöncəsi Ermənistanda siyasi qütbləşmə dərinləşir
İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinə doğru siyasi mühit tədricən daha da gərgin və çoxqütblü xarakter almaqdadır. Son aylarda müşahidə olunan əsas tendensiyalardan biri ölkənin daxili siyasi diskursunun xarici güclərin yönləndirməsi ilə paralel inkişaf etməsidir. Xüsusilə Rusiya və Qərb arasında artan geosiyasi rəqabət Ermənistan siyasətinə həm dolayı, həm də birbaşa təsir göstərən əsas amillərdən biri kimi qeyd olunmalıdır. Ölkənin siyasi həyatında uzun müddətdir müşahidə olunan "Qərbyönümlü" və "Rusiyayönümlü" xətt bölgüsü seçkilər yaxınlaşdıqca daha aydın görünməyə başlayıb. Bir tərəf Avropa İttifaqı (Aİ) ilə inteqrasiyanın dərinləşdirilməsini, təhlükəsizlik və iqtisadi məsələləri ön plana çıxarır. Həmçinin Ermənistan rəhbərliyi və cəmiyyəti Qərbin dəstəyini "real təhlükəsizlik qarantı" kimi qəbul edir. Amma reallıq başqa məqamı sübut edir. Sərhəd təhlükəsizliyi və digər məsələlər Qərbin geosiyasi gündəliyində əsas bənd deyil. Digər tərəf isə Rusiya ilə tarixi, hərbi və iqtisadi əlaqələrin qorunmasının İrəvan üçün daha real təhlükəsizlik çərçivəsi olduğunu müdafiə edir. Sözügedən ölkədə daxili siyasi rəqabət həm də yerli sosial-iqtisadi problemlər, 2020-ci il müharibəsindən sonrakı ictimai narazılıqlar və idarəetmə böhranları ilə sıx bağlıdır. Ermənistanın Rusiya və Qərb arasında seçim qarşısında qalması ölkənin poliqona çevrilməsinə gətirib çıxara bilər. Sanki rəsmi İrəvan Ukrayna "təcrübəsindən" yararlanır və ya ona sürüklənir. Geosiyasi baxımdan həssas bir mərhələdən keçən Ermənistanda ölkə daxilində siyasi qütbləşmə artmaqda ikən xarici güclərin təsiri ilə bağlı iddialar da ictimai müzakirənin əsas mövzularından birinə çevrilib. Xülasə, iyunun 7-dəki parlament seçkiləri bu balansın necə formalaşacağını və ölkənin regional siyasətdə hansı mövqedə dayanacağını göstərəcək əsas mərhələ kimi görünür. Aqil Vəlili
Mənbə oxu.az

Oxşar Xəbərlər