Rusiyadan xəbərdarlıq: Kiyevi tərk edin!
Ukraynanın Starobilskə zərbəsi səbir kasasını daşırdı, Rusiya Silahlı Qüvvələri Kiyevdə hərbi-sənaye kompleksi müəssisələrinə sistemli zərbələr endirməyə başlayır.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Yaranmış şəraitdə Rusiya Silahlı Qüvvələri Kiyevdə Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrinə, o cümlədən NATO mütəxəssislərinin dəstəyi ilə Kiyev rejimi tərəfindən istifadə olunan pilotsuz uçuş aparatlarının layihələndirilməsi, istehsalı, proqramlaşdırılması və tətbiqinə hazırlıq üzrə konkret məkanlara ardıcıl sistemli zərbələr endirməyə başlayır. Həmin NATO mütəxəssisləri komponentlərin tədarükü, kəşfiyyat məlumatlarının verilməsi və hədəf koordinatlarının müəyyənləşdirilməsinə cavabdehdirlər”, — deyə XİN qeyd edib.
Zərbələrin həm qərar qəbuletmə mərkəzlərinə, həm də komanda məntəqələrinə endiriləcəyi bildirilib.
Rusiya XİN həmçinin xarici ölkə vətəndaşlarını Kiyevi tərk etməyə, yerli sakinləri isə hərbi obyektlərə yaxınlaşmamağa çağırıb.