İdman

Bütün Tovuzun gözlədiyi xəbər - UEFA rəsmisi nə dedi?

25 May 2026, 21:05 1 baxış
Bütün Tovuzun gözlədiyi xəbər - UEFA rəsmisi nə dedi?

"Turan Tovuz" UEFA Konfrans Liqasının təsnifat mərhələsindəki oyunlarını doğma stadionunda keçirmək niyyətindədir.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisi müvafiq kateqoriya almaq üçün bir müddət əvvəl UEFA-ya rəsmi müraciət ünvanlayıb.


Qitə futbol qurumu isə öz növbəsində arenada yerinə yetirilməsi vacib olan bəzi şərtləri klubun diqqətinə çatdırmışdı. Həmin çatışmazlıqları aradan qaldırmaq üçün dərhal işə başlayan Tovuz təmsilçisi, Premyer Liqanın son turunda "Sabah"la keçiriləcək qarşılaşmanın Masazırda oynanılmasını istəmişdi.


UEFA nə dedi?


Əldə etdiyimiz məlumata görə, UEFA nümayəndələri bu gün Tovuz şəhər stadionuna baş çəkiblər. Görülən işləri yerindəcə araşdıran rəsmilər stadiona baxış keçiriblər və yenidənqurma prosesinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar. Bu isə o deməkdir ki, "Turan Tovuz" turnirin 2-ci və 3-cü təsnifat mərhələsinin oyunlarını doğma arenasında keçirə biləcək.


Məsələ ilə bağlı klubun da mövqeyini öyrəndik. Klubun mətbuat xidmətindən əməkdaşımıza UEFA rəsmilərinin Tovuz stadionuna baxış keçirməsi faktı təsdiqlənib:


"Görülən işlərə yerində baxış keçirdilər. 2-ci kateqoriyanın alınması üçün bəzi tövsiyə və məsləhətlərini də verdilər. Rəsmi qərarı isə yaxın günlərdə elan edəcəklər".


Potensial rəqiblər kimlərdir?


Qeyd edək ki, "Turan Tovuz" Konfrans Liqasına 2-ci təsnifat mərhələsindən başlayacaq və püşkatmada səpələnməmişlər səbətində yer alacaq. Hazırda klubun 42 potensial rəqibindən 23-ü artıq məlumdur.


Bu komandalar sırasına "Ayaks" (Niderland), "Kopenhagen" (Danimarka), "Panatinaikos" (Yunanıstan), "Rakov", "Katovitse" (hər ikisi Polşa), "Partizan" (Serbiya), "Luqano", "Sion" (hər ikisi İsveçrə), AEK (Kipr), "Başakşehir" (Türkiyə), "Riyeka" (Xorvatiya), "ÇFR Cluj" (Rumıniya), HJK (Finlandiya), "Jrinski Mostar" (Bosniya və Herseqovina), "Brann" (Norveç), "Spartak" (Trnava, Slovakiya), "Hradec Kralove" (Çexiya), "Austriya" (Avstriya), "Vaduts" (Lixtenşteyn), "Norşelland" (Danimarka), "Tobol" (Qazaxıstan), "Hibernian" (Şotlandiya) və "HB Torshavn" (Farer adaları) daxildir.


Xatırladaq ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 17-də keçiriləcək. İlk oyunlar iyulun 23-də, cavab qarşılaşmaları iyulun 30-da baş tutacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər