İdman
İran millisinin DÇ-2026 sınağı: Vizasız qalan futbolçular
İranın milli futbol komandası tam heyətlə Ankaranın Kanada viza mərkəzinə yollanıb, eyni zamanda bir neçə futbolçu ABŞ-yə daxil olmaq üçün də müraciət edib. Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, İran yığmasının qrup mərhələsindəki oyunları Kaliforniyanın İnqlvud şəhərində (15 iyunda Yeni Zelandiya, 21 iyunda isə Belçika ilə) və Sietlda (26 iyunda Misirə qarşı) baş tutacaq. Əgər komanda pley-off mərhələsinə vəsiqə qazanarsa, iranlılar mübarizəni Kanadada davam etdirəcəklər. Türkiyədə ABŞ vizası üçün müraciət edənlər fevralın 28-də ABŞ-nin İrana qarşı hərbi əməliyyatları başlamazdan əvvəl bu sənədi almağa vaxt tapmayan oyunçulardır. ABŞ və İsraillə hərbi əməliyyatlar başlandıqdan sonra İranda futbol çempionatı dayandırılıb və milliyə çağırılan bəzi futbolçular yeddi həftə ərzində oyun praktikasından məhrum qalıblar. Hazırda İran yığması dünya çempionatına Antalyada hazırlaşır və mayın 29-da komandanın Qambiya ilə yoldaşlıq görüşü keçirməsi planlaşdırılır. Xatırladaq ki, İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac mayın ortalarında komandanın hələ də ABŞ vizası almadığını və bu məsələnin FIFA ilə müzakirə olunacağını bildirmişdi.
Mənbə
oxu.az