Dünya
Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Dünyada xam neft və neft məhsulları ehtiyatları görünməmiş sürətlə azalmaqdadır. Oxu.Az xəbər verir ki, bu barədə "Goldman Sachs"ın təhlillərinə əsaslanaraq "Bloomberg" məlumat yayıb. Tədarüklərə maneə yaradan Yaxın Şərqdəki müharibə fonunda 2026-cı ilin may ayında xammalın ümumi ehtiyatları gündəlik olaraq rekord səviyyədə - 8.7 milyon barel aşağı düşüb. Bu isə münaqişənin əvvəlindən bəri qeydə alınan orta göstəricilərdən təxminən iki dəfə çoxdur. "Goldman Sachs" analitiklərinin bildirdiyinə görə, fiziki bazarlarda daralma davam edir. Çünki boğaz vasitəsilə həyata keçirilən ehtimal olunan neft ixracı həcmi normal səviyyənin sadəcə beş faizinə bərabərdir. Bir həftə əvvəl Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol da kommersiya təyinatlı neft ehtiyatlarının sürətlə "əriməsi" ilə bağlı xəbərdarlıq edib. Agentliyin proqnozlarına əsasən, münaqişə yaxın vaxtlarda bitsə belə, bazar oktyabr ayınadək kəskin təklif kəsirindən əziyyət çəkəcək. "Goldman Sachs" nümayəndələrinin sözlərinə görə, idxaldakı geriləmə Asiyadan Avropaya qədər genişlənib. Belə ki, Avropaya göndərilən aviakerosinin həcmi 2025-ci ilin orta göstəricisindən 60 faiz aşağıdır. Buna paralel olaraq ABŞ-nin ümummilli neft ehtiyatlarında da azalma müşahidə olunur. Ötən həftə ölkənin strateji neft ehtiyatının həcmi rekord səviyyədə - 17.8 milyon barel kiçilib. Buna səbəb yüksək ixrac həcmlərinin mövcud anbarları boşaltmağa başlamasıdır. Hətta bəzi ştatlardakı neft saxlancları demək olar ki, tükənmək üzrədir. "ABŞ-də tətil mövsümü bu həftəsonu start götürür ki, bu da benzin, dizel yanacağı və aviakerosinə olan tələbatın artacağı deməkdir", - deyə analitiklər diqqətə çatdırıblar. "Wood Mackenzie" şirkətinin qiymətləndirmələrinə görə, Hörmüz boğazının uzun müddət blokadada qalması neftin sürətlə bahalaşmasına gətirib çıxaracaq. Əgər Yaxın Şərqin əsas logistika marşrutu bu ilin sonuna kimi açılmasa, etalon "Brent" markalı neftin bir barelinin birja dəyəri 200 dollara qədər yüksələcək. Analitiklər xəbərdarlıq edirlər ki, bu ssenari reallaşarsa, qlobal iqtisadiyyat son yüz ilin ən dəhşətli enerji böhranı ilə qarşı-qarşıya qalacaq.
Mənbə
oxu.az