UEFA Millətlər Liqasının formatını dəyişir - Yeni sistem
UEFA böyük turnirlərin seçmə mərhələsində yeni sistem tətbiq etməyə hazırlaşır.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.
İddialara görə, dəyişikliklər AVRO-2028-dən sonra Millətlər Liqasının formatına şamil olunacaq. Yeni sistem qismən avrokuboklarda istifadə edilən “İsveçrə modeli”nə bənzəyəcək.
Plana əsasən, Avropanın ən güclü 36 yığması Liqa 1-də yer alacaq. Komandalar hər birində 12 kollektiv olmaqla 3 qrupa bölünəcək. Digər yığmalar isə Liqa 2-də mübarizə aparacaqlar.
Yeni formata görə, hər komanda 6 oyun keçirəcək. Bu matçların 3-ü evdə, 3-ü isə səfərdə olacaq və rəqiblər fərqli seçiləcək.
Liqa 1-in ən yaxşı komandaları Avropa və ya dünya çempionatına birbaşa vəsiqə qazanacaqlar. Digər yerlərin bir hissəsi isə pley-off oyunları vasitəsilə müəyyənləşəcək. Bu mərhələdə Liqa 1-in digər komandaları ilə yanaşı, Liqa 2-nin ən yaxşı təmsilçiləri də iştirak edəcəklər.
UEFA prezidenti Aleksandr Çeferin yeni sistemin rəqabəti artıracağını bildirib. Onun sözlərinə görə, dəyişikliklər mənasız oyunların sayını azaldacaq və seçmə mərhələləri azarkeşlər üçün daha cəlbedici edəcək.
Qeyd edək ki, yeni formatın yekun təsdiqinin sentyabrda Salonikidə keçiriləcək UEFA İcraiyyə Komitəsinin iclasında verilməsi gözlənilir.