Cəmiyyət
BMT təmsilçisi: "Dayanıqlı şəhərlərdən daha çox dayanıqlı vətəndaşlara ehtiyacımız var"
"Su amilini nəzərə almadan şəhərlərin planlaşdırılması artıq mümkün deyil". Oxu.Az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Braziliya üzrə rəhbəri Rayne Ferretti Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan "Su mərkəzli ərazi inkişafı: Azərbaycan, Kolumbiya və Latın Amerikasının dayanıqlı və inklüziv yaşayış mühiti təcrübəsi" mövzusunda sessiyada deyib. O bildirib ki, su təminatı şəhərsalmanın əsas sütunlarından biridir və bu resursa sonsuz mənbə kimi yanaşmaq düzgün deyil: "Əsas sual "dayanıqlılıq nədir" yox, "dayanıqlılıq kim üçündür" olmalıdır. Dayanıqlı şəhərlərdən daha çox dayanıqlı vətəndaşlara ehtiyacımız var". R.Ferretti qeyd edib ki, Braziliyada və Latın Amerikasının bir çox ölkəsində şəhərlər uzun illər su ehtiyatları nəzərə alınmadan inkişaf edib. Nəticədə bu gün baş verən iri təbii fəlakətlərin böyük hissəsi məhz su ilə bağlıdır. Onun sözlərinə görə, keçmişdə çayların üstü örtülərək şəhər mühitindən təcrid olunub, hazırda isə dünyada, xüsusilə Avropada çayların yenidən şəhər həyatına inteqrasiyası tendensiyası güclənir. UN-Habitat rəsmisi bildirib ki, şəhərlərin təbiətin prinsiplərinə uyğun planlaşdırılması, yaşıllıq sahələrinin artırılması, suyun səmərəli idarə olunması və təkrar istifadəsinin genişləndirilməsi gələcəyin əsas istiqamətlərindəndir. O əlavə edib ki, Braziliya bu sahədə müəyyən irəliləyiş əldə etsə də su ilə şəhərsalma arasındakı əlaqə hələ də ciddi çağırış olaraq qalır.
Mənbə
oxu.az