Dünya
Kuba 300-dən çox PUA alıb - ABŞ-yə təhdid var?
Kuba 300-dən çox pilotsuz uçuş aparatı (PUA) alıb və onlardan ABŞ-yə məxsus Quanatanamo bazasına, hərbi gəmilərə və Florida ştatındakı Ki-Uest şəhərinə qarşı mümkün hücumlarda istifadə planlarını müzakirə etməyə başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Axios" ABŞ kəşfiyyatının məlumatlarına istinadən yazıb. Məlumata görə, ABŞ Administrasiyası Kubanın pilotsuz aparatlara sahib olmasını milli təhlükəsizlik üçün təhdid hesab edir. Yüksəkvəzifəli amerikalı rəsmilər bildiriblər ki, bu kəşfiyyat məlumatları Vaşinqtonun hərbi addımlar atması üçün əsas ola bilər. ABŞ kəşfiyyatı hesab edir ki, Kuba ordusu Vaşinqtonla münasibətlərin gərginləşəcəyi halda pilotsuz aparatlarla döyüş əməliyyatları aparılması planlarını hazırlayır. ABŞ Prezidenti Donald Tramp yanvarın sonunda Kuba tərəfindən milli təhlükəsizliyə təhdid səbəbilə fövqəladə vəziyyət rejimi elan edib. Bu qərar Vaşinqtona Kubaya birbaşa və ya dolayı yolla neft tədarük edən ölkələrə əlavə rüsum tətbiq etməyə imkan verib. Donald Tramp daha əvvəl ABŞ-nin İranla münaqişə başa çatdıqdan sonra Kubanı "demək olar dərhal" nəzarətə götürə biləcəyini bildirmişdi. Kuba Prezidenti Migel Dias-Kanel isə mayın 3-də ABŞ tərəfindən göstərilən hərbi təzyiqin "təhlükəli və görünməmiş səviyyəyə" çatdığını bəyan edib.
Mənbə
oxu.az