Dünya
SAXAL Livanda sakinləri təcili təxliyə olunmağa çağırdı
İsrail Müdaifə Ordusu (SAXAL) Livanın cənubundakı beş yaşayış məntəqəsinin sakinlərinə endirəcəkləri hava zərbələri səbəbindən təcili təxliyə çağırışı edib. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. İsrail ordusunun nümayəndəsi Avixay Edri "X" sosial şəbəkəsində ərəb dilində paylaşım edərək bildirib ki, "Hizbullah" silahlıları, onların obyektləri və hərbi texnikası yaxınlığında olan hər kəs həyatını təhlükəyə atır. O iddia edib ki, "Hizbullah" atəşkəs razılaşmasını pozmağa davam edir və İsrail ordusu buna qarşı qəti tədbirlər görməyə məcburdur. İsrail ordusu Bnaafül, Kfar-Huna, Roumin, Soxmur və Əl-Quseyba yaşayış məntəqələrinin sakinlərini evlərini dərhal tərk edərək şimala doğru hərəkət etməyə çağırıb. Məlumata görə, hazırda Cizzin, Nəbatiyyə və Sayda şəhərləri ətrafında, sərhəddən 40 kilometr məsafədə yerləşən sakinlər də intensiv hərbi əməliyyatlar səbəbindən təxliyə təhlükəsi ilə üz-üzədirlər. Bundan əlavə, İsrail hərbçiləri "Hizbullah" dəstələrinin təchizat xətlərinin keçdiyi Qərbi Bəkaa bölgəsində əməliyyatlara başlayıblar.
Mənbə
oxu.az