Dünya
Paris prokurorluğu İlon Maskı həbslə hədələdi
Fransa istintaq orqanları amerikalı iş adamı İlon Maska qarşı ittiham irəli sürüləcəyi və onun məhkəmə çağırışlarına bundan sonra da məhəl qoymayacağı təqdirdə həbs orderi tələb edə bilər. Oxu.Az xəbər verir ki, bunu Paris prokuroru Lor Beko RTL radiosunun efirində bildirib. Onun sözlərinə görə, istintaq hakimləri toplanmış materialları cinayət məhkəməsinə göndərmək üçün yetərli hesab etsələr və Mask çağırışlara gəlməsə, onun iştirakını təmin etməyin yeganə yolu həbs orderi ola bilər. Beko qeyd edib ki, "X" platforması ilə bağlı araşdırma davam edir və işə üç istintaq hakimi baxır. Prokuror, həmçinin bildirib ki, ABŞ Ədliyyə Nazirliyi Fransa tərəfinin sorğusuna hələ cavab verməyib. Bununla belə, onun sözlərinə görə, digər araşdırmalar üzrə ABŞ hökumıti ilə əməkdaşlıq yaxşı səviyyədə qalır. Qeyd edək ki, fevral ayında Paris prokurorluğu "X"in Fransadakı ofislərində axtarış aparıldığını açıqlayıb. İstintaq 2025-ci ilin yanvarında sosial şəbəkənin alqoritmləri ilə bağlı şikayətlərdən sonra başlanıb. Araşdırma, həmçinin Holokostu inkar edən materialların və süni intellekt vasitəsilə yaradılmış seksual xarakterli şəkillərin paylaşılması səbəbindən "Grok" çat-botunu da əhatə edir. Paris prokurorluğu aprelin 20-də İlon Maskı və "X"in keçmiş baş direktoru Linda Yakkarinonu dindirməyə çağırıb. Mask mayın 7-də çağırışa gəlmədikdən sonra prokurorluq onunla bağlı ilkin araşdırmaya başlayıb.
Mənbə
oxu.az