Dünya

Senat Trampın Ağ Evlə bağlı təklifini rədd etdi

17 May 2026, 16:12 2 baxış
Senat Trampın Ağ Evlə bağlı təklifini rədd etdi
ABŞ Senatı Ağ Evin "Şərq qanadının modernləşdirilməsi" layihəsi çərçivəsində dövlət başçısı üçün yeni təhlükəsizlik tədbirlərinə bir milyard dollar ayrılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləməyib. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. "Respublikaçılar Trampın milyard dollarlıq ziyafət zalının xərclərini vergiödəyicilərinin hesabına ödəməyə çalışdılar. Lakin Senatdakı demokratlar buna qarşı çıxaraq onların ilk cəhdini boşa çıxardılar", - deyə Senatdakı demokratların lideri Çak Şumer bildirib. Qeyd olunub ki, qanun layihəsi Senatın Hüquq məsələləri üzrə komitəsi tərəfindən irəli sürülüb. Sənədə əsasən, 1 milyard dollarlıq vəsait Ağ Evin Şərq qanadında ziyafət zalının birbaşa inşasına deyil, dövlət başçısının təhlükəsizliyinin təmin edilməsinə və digər mühafizə tədbirlərinə yönəldilməli idi. ABŞ Məxfi Xidmətinin rəhbəri Şon Karran qeyd edib ki, maliyyələşmə təsdiqlənərsə, 220 milyon dollar ziyafət zalının "gücləndirilməsinə" - gülləkeçirməz şüşələrin, dron və zəhərli maddələri aşkarlayan sistemlərin quraşdırılmasına sərf olunacaq. Bundan əlavə, 180 milyon dollar Ağ Ev ziyarətçiləri üçün yeni yoxlama məntəqəsinin inşasına, 175 milyon dollar Məxfi Xidmət agentlərinin təliminə və mühafizə olunan şəxslərin qorunmasının gücləndirilməsinə, 150 milyon dollar bioloji silahlar və hava məkanına müdaxilə ilə mübarizəyə, 100 milyon dollar isə mühüm milli tədbirlər zamanı təhlükəsizliyin təminatına ayrılmalı idi. Senatdakı respublikaçıların lideri Con Tunun sözlərinə görə, qanun layihəsi yenidən işlənmək üçün geri qaytarılıb. Donald Tramp Ağ Evdə ziyafət zalı inşa etmək istəyini 2025-ci ilin fevralında açıqlamışdı. Şərq qanadında yerləşəcək bu zalın ABŞ prezidentinin şəxsi vəsaiti, həmçinin özəl şirkət və şəxslərin ianələri hesabına tikilməsi planlaşdırılır. Layihənin ümumi dəyəri 300 milyon dollar qiymətləndirilib. Ağ Evin Şərq qanadının yenidən qurulmasına 2025-ci ildə başlanılıb və həmin ilin oktyabrında qanad sökülüb. Amerika liderinin sözlərinə görə, tikinti işləri özəl donorlar tərəfindən maliyyələşdirilir. Bu ilin mart ayının sonlarında Tarixi İrsin Qorunması Milli Fondunun iddiası əsasında məhkəmə zalın tikintisinin dayandırılması barədə qərar qəbul edib. Tikinti işləri yalnız 2026-cı ilin aprelində yenidən bərpa olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər