Dünya
Hörmüz böhranı dünya ticarətini dəyişir: Nəhəng şirkətlər yeni marşrutlara keçir
Nəhəng dəniz daşıyıcıları Hörmüz boğazındakı məhdudiyyətlərdən yayınmaq üçün yeni üsul tətbiq etməyə başlayıblar. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb. Bildirilib ki, şirkətlər yanacaq nəqli məqsədilə alternativ yük marşrutlarına müraciət edirlər. "Mediterranean Shipping Company", "Maersk", "CMA CGM" və "Hapag-Lloyd" kimi karqo şirkətləri Qırmızı dəniz və Oman körfəzi limanlarından, o cümlədən Səudiyyə Ərəbistanının Yanbu və Kral Abdulla, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə limanlarından bölgənin əsas tranzit mərkəzləri olan Dammam, Bəsrə və Cəbəl Əliyə yeni istiqamətlər yaradıblar. Alternativ yolların istifadəsi daşıyıcılara qismən bloklanmış Hörmüz boğazına daxil olmamağa imkan verib. Bununla yanaşı, Şanxaydan Fars körfəzi və Qırmızı dəniz istiqamətində yükdaşıma xərcləri COVID-19 pandemiyası dövründə qeydə alınan göstəriciləri üstələyərək rekord səviyyəyə yüksəlib. "Clarksons Research" təşkilatının hesablamalarına əsasən, mayın 15-dək sözügedən marşrut üzrə standart bir konteynerin daşınma qiyməti 980 dollardan 4 131 dollaradək artıb. "Business Times" nəşri isə bildirir ki, gələcək illərdə də Hörmüz boğazı neft və qaz məhsullarının qlobal bazarlara çıxarılmasında əsas tranzit yolu olaraq qalacaq. Texniki baxımdan bu boğazdan asılılığın azaldılması mümkün olsa da, belə təşəbbüslər nəhəng maliyyə vəsaiti tələb edir. Eyni zamanda, inşa ediləcək yeni boru xətlərinin dəniz vasitəsilə daşınan tranzit həcmlərini tam əvəz edə biləcəyi gözlənilmir.
Mənbə
oxu.az