Dünya
Yaxın Şərqdəki müharibədən ən çox qazanan ölkələr ABŞ və Rusiya olub
Yaxın Şərqdə baş verən hərbi əməliyyatlardan ən böyük mənfəəti Rusiya və ABŞ əldə edib. Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Nəşr qeyd edir ki, Hörmüz boğazı vasitəsilə həyata keçirilən tədarüklərdən asılı olan Qətər, Küveyt və İraq vəziyyətdən ən çox əziyyət çəkən ölkələr olub. Mənbənin sözlərinə görə, bu marşrutun bağlanması qlobal miqyasda yanacaq və neft qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub. Birləşmiş Ştatlar digər enerji daşıyıcılarının, eləcə də dizel və neftin ixrac həcmini artırıb. "The New York Times"ın qiymətləndirməsinə əsasən, Amerika enerji resurslarının dəniz yolu ilə illik tədarükü 145 milyon barel artıb. Nəticədə ABŞ-nin əlavə gəlirləri təqribən 50 milyard dollar təşkil edib. Qəzetin məlumatına görə, Rusiya da əsas qazanan tərəflərdən biri olub. Rusiyaya məxsus neftin dəniz vasitəsilə ixracı təxminən 592 min barel azalsa da, dünya bazarındakı qiymət artımı Moskvaya əlavə olaraq 15 milyard dollar qazandırıb. Aprelin əvvəlində Fin körfəzi vasitəsilə göndərilən Rusiya neftinin bir barelinin qiyməti münaqişədən əvvəlki 41 dollardan 120 dollara qədər yüksəlib. Fars körfəzi regionunda isə vəziyyət fərqli olub. Bildirilir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı Hörmüz boğazından yan keçən boru kəmərləri hesabına ixracdakı geriləməni qismən kompensasiya edə biliblər. Səudiyyə Ərəbistanının tədarükü 150 milyon bareldən çox azalmasına baxmayaraq, ölkənin gəlirləri 9.2 milyard dollar artıb. "The New York Times" vurğulayır ki, alternativ ixrac yolları olmayan və Hörmüz boğazından asılı qalan İraq, Küveyt və Qətər daha ağır nəticələrlə üzləşib. Nəşrin hesablamalarına görə, yalnız İraqın itkiləri təxminən 15 milyard dollara çatır.
Mənbə
oxu.az