Dünya

İran ABŞ-yə şərt qoydu: "Qırmızı xətlərimiz var"

17 May 2026, 11:36 1 baxış
İran ABŞ-yə şərt qoydu: "Qırmızı xətlərimiz var"
"İsrail və ABŞ ilə qarşıdurmada özünü qalib tərəf hesab edən İran münaqişənin gələcək nizamlama prosesi üçün xüsusi şərtlər formalaşdırır". Oxu.Az xəbər verir ki, bu qənaəti İran parlamentinin daxili işlər komissiyasının sədri Məhəmməd Saleh Cokar "Mehr" xəbər agentliyinə verdiyi müsahibədə səsləndirib. O vurğulayıb ki, 10 bənddən ibarət xüsusi plan İslam Respublikası üçün toxunulmaz "qırmızı xətt" hesab olunur. "Şərtləri uğursuzluğa düçar olmuş, qarşısına qoyduğu məqsədlərə çata bilməyən və yalnız dağıntılara gətirib çıxaran hökumət deyil, döyüş meydanında qələbə qazanan dövlət diktə edir. Məhz bu səbəbdən amerikalılar bizim irəli sürdüyümüz şərtlərlə razılaşmalıdırlar", - deyə o bildirib. Cokar əlavə edib ki, İran tərəfinin hazırladığı 10 bəndlik tələblər istənilən danışıqlar prosesi üçün "qırmızı xətt" hesab olunur. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib. Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib. Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər