Dünya

Afrikada Ebola təhlükəsi: ÜST fövqəladə vəziyyət elan edib

17 May 2026, 10:12 2 baxış
Afrikada Ebola təhlükəsi: ÜST fövqəladə vəziyyət elan edib
Xəstəliyin coğrafi yayılma miqyası və virusa yoluxanların həqiqi sayı ilə bağlı ciddi qeyri-müəyyənlik mövcuddur. Oxu.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Bildirilib ki, təşkilat Uqanda və Konqo Demokratik Respublikasında (KDR) yayılan Ebola qızdırması epidemiyasını beynəlxalq miqyaslı fövqəladə hal kimi qəbul edib. "ÜST-nin baş direktoru iştirakçı dövlətlərlə aparılan məsləhətləşmələrdən sonra Konqo Demokratik Respublikası və Uqandada Bundibuqio virusunun səbəb olduğu Ebola xəstəliyinin beynəlxalq əhəmiyyət kəsb edən ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət olduğunu müəyyən edib", - deyə ÜST-nin yaydığı bəyanatda bildirilib. Qurum xüsusi olaraq vurğulayıb ki, söhbət pandemiyadan deyil, məhz epidemiyadan gedir. Təşkilatın hesabatına əsasən, KDR-in üç bölgəsində Ebola ilə əlaqədar olduğu ehtimal edilən 80 ölüm halı, həmçinin 246 ehtimal olunan yoluxma faktı qeydə alınıb. Onlardan 8-i laboratoriya şəraitində təsdiqlənib. Bundan əlavə, mayın 15 və 16-da Uqandanın paytaxtı Kampala şəhərində KDR-dən gələn şəxslərdə virusa iki laborator təsdiqlənmiş yoluxma halı aşkarlanıb. Onlardan biri ölümlə nəticələnib. KDR-in səhiyyə naziri Samuel Roje Kamba mayın 15-də ölkədə Ebola qızdırmasının yeni alovlanmasını rəsmən elan edib. Xəstəliyin episentri Konqonun İturi əyalətinin Rvampara və Monqbvalu rayonlarıdır. İnfeksiyaya ilk yoluxan şəxs Bunia şəhərində çalışan və bir neçə gün əvvəl vəfat edən tibb bacısı olub. Onda Ebola virusunun digər variantlarına nisbətən daha az ölümcül hesab edilən Bundibuqio növü aşkarlanıb. Əsas problem ondan ibarətdir ki, daha geniş yayılmış Zair növündən fərqli olaraq, Bundibuqio ştamına qarşı peyvənd mövcud deyil. Ebola virusu insanlara vəhşi heyvanlardan keçir. Xəstəliyin ilkin əlamətlərinə əzələ və baş ağrıları, qızdırma və boğaz ağrısı daxildir. Daha sonra qaraciyər və böyrəklərin fəaliyyətində pozğunluqlar yaranır, bəzi hallarda isə xarici və daxili qanaxmalar müşahidə edilir. İnsanda Ebola virusuna yoluxma ilə bağlı ilk fakt 1976-cı ildə indiki KDR ərazisində qeydə alınıb. Yoluxanların sayına görə ən böyük epidemiya 2014-2016-cı illərdə Qərbi Afrikada - Syerra-Leone, Liberiya və Qvineya ərazisində baş verib. Həmin dövrdə həyatını itirənlərin sayı 11 min nəfəri ötüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər