Dünya
ABŞ-də cinsiyyət dəyişikliyinə məruz qalmış uşaqlara yardım üçün xüsusi klinika açılacaq
ABŞ-nin Texas ştatında cinsiyyət dəyişdirmə prosedurlarından keçmiş azyaşlılara yardım göstərilməsi üçün xüsusi tibb müəssisəsinin açılması planlaşdırılır. Oxu.Az xəbər verir ki, bu barədə NBC məlumat yayıb. Məlumata görə, Texas Uşaq Xəstəxanası transgender yeniyetmələr üçün tibbi xidmət proqramı ilə bağlı aparılan araşdırmanın yekununda istintaqla razılıq əldə edib. Texasın baş prokuroru Ken Pakston bildirib ki, razılaşmaya əsasən, xəstəxana ölkədə ilk "əks gender keçidi klinikası" yaratmalıdır. Klinika fəaliyyətinin ilk beş ili ərzində pasiyentlərə xidmətləri tam ödənişsiz göstərəcək. "Əks gender keçidi" əvvəlki cinsiyyət dəyişdirmə prosedurlarının dayandırılması deməkdir. Mümkün tibbi müdaxilələrə psixoterapiya, hormonal müalicə və cərrahi əməliyyatlar daxil ola bilər. Razılaşmaya əsasən, xəstəxana əvvəllər belə prosedurları həyata keçirən beş həkimi işdən çıxarmalı olacaq. Bundan əlavə, dövlətin "Medicaid" proqramına qanunsuz ödəniş hesabları təqdim etdiyinə görə tibb müəssisəsi 10 milyon dollar cərimə ödəyəcək. Bundan əvvəl ABŞ Səhiyyə Nazirliyi Robert F. Kennedinin rəhbərliyi altında azyaşlılar üçün cinsiyyət dəyişdirmə əməliyyatlarının səhiyyə standartlarına uyğun olmadığını açıqlamışdı. ABŞ Prezidenti Donald Trump isə andiçmə mərasimində ölkənin rəsmi siyasətinin yalnız kişi və qadın genderlərini tanıyacağını bəyan etmişdi.
Mənbə
oxu.az