İqtisadiyyat

Qlobal mis böhranı Azərbaycana təsir edə bilərmi?

17 May 2026, 00:16 1 baxış
Qlobal mis böhranı Azərbaycana təsir edə bilərmi?
Pərviz Heydərov yazır... Dünyada elə növ xammallar var ki, bəlkə də neft və qaz qədər strateji əhəmiyyət kəsb edir, həmin məhsulların hasilatı, istehsalı və yaxud təchizatından dolayı təklifdə yaranan problemlər ucbatından qlobal iqtisadiyatda böyük çətinliklər yaranır. Mis, məhz belə xammal məhsullarındandır. Adıçəkilən məhsul dünyada ən çox istifadə edilən sənaye metallarından biri olmaqla qlobal iqtisadi fəaliyyətin barometri rolunda çıxış edir. Mis tikintidə, elektronikada, enerji istehsalı və bərpaolunan enerji sistemlərində geniş istifadə edilməklə bütün bu və digər sahələrdə həm qiymətlərin formalaşmasında, həm tələbin, həm təklifin, həm də ümumi iqtisadi artımın meydana gəlməsində mühüm rol oynayır. Son vaxtlar dünyada baş verən hadisələr - müharibə, münaqişə, gərginliklər və s. üzündən təkcə neft və qaz bazarlarında deyil, mis kimi xammal məhsullarının da təkliflərində ciddi problemlər və çatışmazlıqlar ortaya çıxıb. Belə ki, misin qiyməti kəskin artıb, xüsusən də təchizat proseduru üzərində artan təzyiqlər fonunda misin bir tonunun qiyməti 14 min dollardan yuxarı qalxıb. Sual yaranır ki, bu bahalaşma nələrə səbəb ola bilər və hansı məhsulların bahalaşmasına gətirib çıxara bilər? Misin bahalaşması Azərbaycana da təsir edə bilərmi və bu təsir necə, hansı sahələrə ola bilər? Bahalaşma nə qədər davam edə bilər? Təkrar edirəm, mis sənayedə ən çox tələb olunan xammaldır. Onun bahalaşması, istehsalı ilə təchizatında zəncirvari əlaqənin qırılması bir çox məhsulların qiymətlərinin yüksəlməsinə gətirib çıxara bilər. Söhbət elektrotexnika və elektronika, məişət texnikası, avtomobil sənayesi, yüksək texnologiyalar, tikinti sektoru kimi sahələrdə əldə olunan məhsullardan gedir. Hətta istehsalın özünün, ümumiyyətlə fəaliyyətin dalana dirənə biləcəyindən gedir. Bundan əlavə, məsələn, ənənəvi avtomobillərdə 20 kq mis istifadə edilirsə, elektromobillərdə bu rəqəm 80-100 kq-a çatır. Bu isə o deməkdir ki, misin bahalaşması ilə sonuncuların qiyməti qalxacaq. Soyuducular, kondisionerlər (soyutma boruları və kompressorlar misdən hazırlanır), kompüterlər, smartfonlar və transformatorlar da daha çox istehsal zərbəsi alacaq. Günəş panelləri və külək turbinlərinin quraşdırılması, həmçinin qlobal elektrik şəbəkələrinin yenilənmə xərcləri də kəskin artacaq ki, bu da təmiz enerjiyə keçid layihələrinin büdcəsinin artmasına, icra işlərinin yubanmasına gətirib çıxara bilər. Ölkəmizə gəldikdə isə Azərbaycan həm mis ixracatçısı (xammal), həm də mistərkibli hazır məhsulların böyük idxalatçısı olduğu üçün bu proses ikiistiqamətli təsirə malik olacaq, başqa sözlə desəm, qlobal mis böhranı iqtisadiyyatımıza həm müsbət, həm də mənfi - daxili bazara idxal inflyasiyası vasitəsilə təsir göstərəcək. Ümumiyyətlə, ölkəmizdə mis istehsalı və xaricə satışı son illər ərzində qeyri-neft-qaz sektorunun ən sürətlə inkişaf edən və strateji əhəmiyyət kəsb edən sahələrindən birinə çevrilib. 2026-cı ilin yanvar-mart ayları ərzində Azərbaycanda 3 767.4 ton mis konsentratı istehsal edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7.1 dəfə çoxdur. 2024-cü ildə xaricə 28 milyon dollarlıq mis və misdən hazırlanan məmulat satdığımız halda, 2025-ci ildə bu göstərici 38 milyon dollar təşkil edib. Cari ilin yanvar ayında xaricə 9 331 ton mis filizi və konsentratı ixrac edilib ki, bu da 2025-ci ilin yanvarı ilə müqayisədə 4.8 dəfə çoxdur. Təkcə bir ayın ixrac dəyəri 20.5 milyon dollar təşkil edib. Yeri gəlmişkən, bir ton misin orta ixrac qiyməti 2025-ci ilin yanvarında 1 229 dollara bərabər olduğu halda, 2026-cı ilin eyni ayında 2 196.58 dollaradək yüksəlib. Hasil etdiyimiz mis əsasən regional emal mərkəzləri ilə Avropaya yönəlir. Ən böyük alıcımız isə Gürcüstan, digər iri tərəfdaşımız isə İsveçrədir. Bu ilin başlanğıcında Gürcüstana 18.1 milyon dollar dəyərində 8 568 ton mis ixrac etmişik. Eyni dövrdə İsveçrəyə tonu daha baha (3 133 dollardan) olmaqla 762.1 ton (2.38 milyon dollar) mis satılıb. Ümumiyyətlə, Ağdərə (Dəmirli) və Zəngilan (Vəjnəli) mis yataqları da daxil olmaqla bu sahədə sahib olduğumuz mövcud potensial ölkə iqtisadiyyatına milyardlarla manat gəlir gətirmək imkanına malikdir. Lakin biz, demək olar bütün növ məişət texnikasını, elektronika və avtomobilləri kənardan gətiririk. Bunların istehsalında isə misdən gen-bol istifadə olunur. Odur ki, bu malların dünya bazarında bahalaşması qiymət artımına gətirib çıxaracaq. Mistərkibli məhsul və malların hamısı bahalaşacaq. Mislə bağlı yaranmış böhranın aradan qalxması üçün sözsüz ki, ilk növbədə İran ətrafındakı müharibə riski və Hörmüz boğazındakı blokada aradan götürülməlidir. Ümumiyyətlə götürdükdə, mis özlüyündə bahalı material olduğundan qlobal dəyişikliklərə, logistika və s. amillərə və proseslərə çox həssas xammal materialıdır. Misin əsas istehlakçıları və idxalçıları Çin, Yaponiya, Hindistan, Cənubi Koreya və Almaniyadır. Təchizata gəldikdə isə Çili qlobal mis istehsalında ən böyük paya sahibdir, ardınca Konqo Demokratik Respublikası, Peru, Çin və ABŞ gəlir.
Mənbə oxu.az

Oxşar Xəbərlər