Dünya
İsrail HƏMAS komandirinin öldürüldüyünü açıqladı
İsrail ordusu Qəzza şəhərinə endirilən hava zərbəsi nəticəsində HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın komandiri İzzəddin əl-Həddadın öldürüldüyünü açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb. İsrail tərəfi onu 7 oktyabr hücumlarının təşkilatçılarından biri adlandırıb. IDF iddia edir ki, əl-Həddad son dövrlərdə HƏMAS-ın hərbi potensialının bərpası və İsrail hərbçilərinə, eləcə də mülki şəxslərə qarşı yeni hücumların planlaşdırılması ilə məşğul olub. İsrail ordusunun məlumatına görə, o, həmçinin HƏMAS-ın əlində saxlanılan israilli girovların nəzarət sistemində mühüm rol oynayıb və öz təhlükəsizliyini təmin etmək məqsədilə ətrafında girovlar saxlayıb. Açıqlamada qeyd olunur ki, İzzəddin əl-Həddad HƏMAS-ın ən uzun müddət fəaliyyət göstərən komandirlərindən biri olub və təşkilata yaranmasının ilk illərində qoşulub.
Mənbə
oxu.az