Siyasət
İrana gözlənilməz zərbə, ABŞ və İsrail üçün fürsət, yeni mərhələyə qədəm qoyan Yaxın Şərq
İsrail və Livan nümayəndələri atəşkəs rejiminin daha 45 gün müddətinə uzadılması barədə razılığa gəliblər. Tərəflər bu qərarı mayın 14-15-də ABŞ-də keçirilən danışıqlar zamanı qəbul ediblər. Məlumata görə, ABŞ Dövlət Departamenti iki ölkə arasında növbəti danışıqlar mərhələsini iyunun 2-si və 3-də təşkil edəcək. Həmçinin mayın 29-da Pentaqonda İsrail və Livanın hərbi nümayəndə heyətlərinin iştirakı ilə təhlükəsizlik məsələlərinə dair görüşlərin keçiriləcəyi açıqlanıb. Digər bir məsələ isə uzun illər İran tərəfindən müdafiə edilərək İsrailin hücumlarına məruz qalan Livanın Tehrandan onun daxili işlərinə qarışdığı üçün BMT-yə şikayət etməsi ilə bağlıdır. İran Livanın daxili işlərinə müdaxilədə, eləcə də bu ölkəni İsraillə münaqişəyə cəlb etməkdə ittiham olunur. Şikayətdə İranın bir sıra qurumları, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanunsuz hərəkətlər etməkdə və Livan hökumətinin qərarlarına açıq-aşkar itaətsizlik göstərməkdə ittiham olunurlar. Hətta Livanın BMT-dəki daimi nümayəndəsi bu proseslərin müqəssiri kimi İranın nəzarətində olan "Hizbullah"ı ittiham etməkdən də çəkinməyib. Bütün bunlar Yaxın Şərqdə güc balansının dəyişməsindən xəbər verir? Yaxın Şərqdə illərdir davam edən qarşıdurmalar fonunda Livan siyasətində diqqətçəkən və tarixi sayıla biləcək dönüş yaşanır. Bir tərəfdən, İsrail və Livan ABŞ vasitəçiliyi ilə atəşkəs rejimini daha 45 gün uzatmağa razılaşır, digər tərəfdən isə Beyrut uzun illər bölgədə əsas dayaqlarından biri hesab edilən İranı BMT səviyyəsində açıq şəkildə ittiham edir. Bu baxımdan, mövcud hadisələr regionda formalaşan yeni təhlükəsizlik arxitekturasının ilk açıq siqnallarından xəbər verir. Bu prosesin ən diqqətçəkən tərəfi isə danışıqlarda "Hizbullah"ın iştirak etməməsi, hətta Livanın şikayət məktubunda hədəfə çevrilməsidir. Bu detal regionun gələcək siyasi xəritəsi baxımından olduqca kritikdir. Çünki Tehran uzun illər Livanda təkcə ideoloji təsir deyil, həm də hərbi və siyasi hegemonluq formalaşdırmışdı. "Hizbullah" faktiki olaraq İranın Livandakı ideoloji və strateji dayaq nöqtəsi kimi fəaliyyət göstərirdi. Nəzərə alsaq ki, "Hizbullah" məhz 1979-cu ildə İslam İnqilabından təsirlənərək ərsəyə gəlib, deməli, təşkilatın İran üçün nə qədər əhəmiyyətli rol oynadığı sual doğurmur. İndi isə "Hizbullah"ın 2024-cü ildə ən uzunmüddətli və nüfuzlu rəhbəri Həsən Nəsrullahın İsrail Müdafiə Qüvvələri tərəfindən öldürülməsindən sonra həm siyasi partiya, həm də güclü bir silahlı qüvvə kimi zəifləməsi, görünür, rəsmi Beyrutu çoxdan gözlədiyi "hücum"a tətikləyib və İran ölkənin daxili işlərinə müdaxilə etməkdə, dövlət qərarlarına təsir göstərməkdə, SEPAH vasitəsilə qeyri-qanuni fəaliyyət aparmaqda və Livanı İsraillə müharibəyə sürükləməkdə ittiham edilir. Bu, Livan dövlətinin 1980-ci illərdən sonra ilk dəfə açıq şəkildə "İran faktoru milli təhlükəsizlik problemidir" mesajı verməsi ilə nəticələnir. Bütün bunlar isə Livanın dövlət olaraq suverenlik böhranından çıxmaq istəməsindən qaynaqlanır və artıq "Hizbullah"ın legitim tərəf kimi qəbul edilmədiyini göstərir. Çünki 1980-ci illərdən sonra Livanda qanuni hakimiyyətlə paralel olaraq İran dəstəyi ilə "Hizbullah" da söz sahibi olub. Bu isə Livanı davamlı olaraq regional münaqişələrin mərkəzində saxlayıb. Təbii ki, Vaşinqtonun prosesdə aktiv iştirakı da bundan qaynaqlanır və həmmüəllifi olduğu boşluqdan istifadə edərək körfəz ölkələrindəki kimi "idarəolunan sabitlik" strategiyasının əhatə dairəsini Yaxın Şərqdə genişləndirmək istəyir. Yəni Vaşinqton üçün əsas məqsəd İran təsirinin minimuma endirilməsi olduğu üçün Livanın dövlət institutlarının nəzarət altında gücləndirilməsi də prioritet hesab olunur. Bütün bu proseslər Tehran üçün ciddi strateji risk yaradır. Çünki İranın regional təhlükəsizlik doktrinası, əsasən, proksi qüvvələr üzərində qurulub. Livanda "Hizbullah", Qəzzada HƏMAS, İraqda şiə qrupları, Yəməndə husilər bunun əsas nümunələrindəndir. İsraillə müharibədən sonra bu qruplaşmaların dayaq nöqtələrinə endirilən sarsıdıcı zərbələr, rəhbərlərinin öldürülməsi Tehran üçün regiondakı ən vacib dayaqlarından birinin zəifləməsi sayılır. İsrail və ABŞ isə məhz bunu strateji fürsət kimi görür və prosesi maraqları kontekstində tam qalibiyyətlə yekunlaşdırmaq istəyirlər. Bütün bunlar onu göstərir ki, Yaxın Şərqdə yeni siyasi və təhlükəsizlik nizamı formalaşır. ABŞ regionda İranın təsirini məhdudlaşdırmağa çalışır, Livan isə uzun illər davam edən xarici təsir və daxili parçalanmadan çıxış yolu axtarır. İsrail isə bu prosesi öz təhlükəsizlik maraqları baxımından strateji fürsət hesab edir. Nəticə isə yalnız İran və Livanın deyil, bütün Yaxın Şərqin gələcək təhlükəsizlik balansını müəyyən edəcək.
Mənbə
oxu.az
Oxşar Xəbərlər