Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto
İsrail dövlət televiziya kanalı Kan-11 “Avroviziya 2026” müsabiqəsinin yarımfinalında Ermənistanı Azərbaycan bayrağı ilə təqdim edib.
Axar.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” Petah Tikvadakı “Nairi” İsrail Erməniləri Birliyinin sədri Artyom Çernamoryana istinadla məlumat yayıb.
Onun sözlərinə görə, insident İsraildəki erməni icmasında narazılıq doğurub. Bununla yanaşı, Çernamoryan baş verənlərin qəsdən törədilmiş təxribat yox, redaksiya səhvi olduğunu düşündüyünü bildirib.
“Bunun əvvəlcədən planlaşdırılmış addım olduğunu düşünmürəm. Belə hallar əvvəllər də olub. Bazar günü rəsmi məktub göndərərək üzr istənilməsini tələb etməyi planlaşdırıram”, - deyə o qeyd edib.
Çernamoryan Kan-11 ilə bağlı 2025-ci ildə baş vermiş başqa bir qalmaqalı da xatırladıb. Həmin vaxt “Avroviziya”da Ermənistan təmsilçisinin çıxışından sonra telekanalın şərhçisi belə demişdi:
“İnanmıram ki, biz onlara Qüdsdə bütöv bir məhəllə vermişik. “Survivor” (“Sağ qalan”) - bu mahnını dinləyəndə özümüzü məhz belə hiss edirik”.
Həmin insidentdən sonra Ermənistan İctimai Televiziyası İsrailin ictimai yayımçısına izahat tələbi ilə müraciət etmişdi və qarşı tərəf üzrxahlıq etmişdi.