Siyasət

İran-ABŞ gərginliyində yeni mərhələ? - Körfəz ölkələrindən Tehranla Vaşinqton arasında seçim

15 May 2026, 17:30 2 baxış
İran-ABŞ gərginliyində yeni mərhələ? - Körfəz ölkələrindən Tehranla Vaşinqton arasında seçim
Səudiyyə Ərəbistanı İranın da daxil olacağı yeni körfəz təhlükəsizlik paktı imzalamağı təklif edir. Bu pakta əsasən, tərəflər bir-birinə hücum etməmək, bir-birinin daxili işlərinə qarışmamaq, hər hansı region dövlətinə qarşı başqa dövlətlərlə birlikdə hərəkət etməmək öhdəliyi götürəcəklər. Bəs bu amil ABŞ-nin körfəz ölkələrindəki bazalarından İrana hücum etməməsi anlamına da gəlirmi? Yaxud Birləşmiş Ştatlar İrana yenə də ərəb ölkələrindəki hərbi bazalarından hücumlar həyata keçirsə, proses necə cərəyan edə bilər? Mövzunu Oxu.Az-a şərh edən politoloq Rəşad Bayramov bildirib ki, Səudiyyə Ərəbistanının təşəbbüsü ilə gündəmə gələn və İranın da daxil olacağı ehtimal edilən regional təhlükəsizlik paktı Yaxın Şərqdə son illərin ən mühüm geosiyasi təşəbbüslərindən biri hesab oluna bilər:
"Bu ideyanın əsas məqsədi körfəz regionunda birbaşa hərbi qarşıdurma riskini azaltmaq, xüsusilə İran-ərəb ölkələri münasibətlərində gərginliyi nəzarətdə saxlamaqdır. Lakin belə bir sənədin praktiki nəticələri və onun ABŞ-nin regiondakı hərbi mövcudluğuna təsiri kifayət qədər mürəkkəb məsələdir". "Əvvəlcə nəzərə almaq lazımdır ki, körfəz ölkələrinin əksəriyyəti, xüsusilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Bəhreyn uzun illərdir ABŞ ilə geniş təhlükəsizlik əməkdaşlığı həyata keçirirlər. Bu ölkələrdə ABŞ hərbi bazalarının mövcudluğu Vaşinqtonun regional strategiyasının əsas elementlərindən biridir. Məhz buna görə də yeni təhlükəsizlik paktının avtomatik şəkildə "ABŞ bazalarından İrana qarşı istifadə olunmayacaq" mənasına gəldiyini demək çətindir. Əgər belə bir müqavilədə tərəflərin öz ərazilərindən üçüncü dövlətlərə qarşı hücum məqsədilə istifadəyə icazə verməməsi barədə konkret müddəa yer alarsa, bu zaman ABŞ-nin manevr imkanları müəyyən qədər məhdudlaşa bilər. Xüsusilə Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri İranla münasibətlərin normallaşmasını prioritet hesab etsələr, Vaşinqtona öz ərazilərindən istifadə ilə bağlı siyasi məhdudiyyətlər qoya bilərlər. Son baş verənlərdən sonra, yəni ABŞ-nin körfəz ölkələrinin təhlükəsizliyini təmin etməkdə çətinlik çəkməsi fonunda bu ehtimal kifayət qədər güclüdür", - deyə analitik vurğulayıb. Müsahibimizin sözlərinə görə, reallıqda ABŞ hərbi bazalarının fəaliyyəti ikitərəfli müdafiə sazişləri ilə tənzimlənir və bu sazişlər regional təşəbbüslərdən daha güclü hüquqi və strateji çəkiyə malikdir: "Vaşinqton İranı regionda əsas təhlükələrdən biri kimi görməkdə davam edir və İsrailin təhlükəsizliyi də ABŞ siyasətinin prioritet istiqamətlərindən olaraq qalır. Bu səbəbdən ABŞ mümkün böhran vəziyyətində öz hərbi maraqlarından tam geri çəkilməyəcək. Digər mühüm məqam isə odur ki, belə bir paktın effektivliyi tərəflər arasında etimad səviyyəsindən asılı olacaq. İranla ərəb ölkələri arasında münasibətlər bəllidir və tərəflər arasında strateji rəqabət də ortadadır. Yəmən, Livan və İraq kimi bölgələrdə İranın təsiri hələ də körfəz monarxiyaları tərəfindən təhlükə kimi qəbul edilir. Buna görə də mümkün hərbi insident və ya regional eskalasiya zamanı müqavilənin necə işləyəcəyi əsas suallardan biri olaraq qalır". "Əgər gələcəkdə yenidən İran ətrafında hərbi gərginlik yaranarsa, körfəz ölkələri, çox güman ki, balans siyasəti aparmağa çalışacaqlar. Yəni bir tərəfdən İranla birbaşa qarşıdurmadan yayınacaq, digər tərəfdən isə ABŞ ilə təhlükəsizlik əməkdaşlığını tam dayandırmayacaqlar. Bu isə onu göstərir ki, yeni pakt regionda gərginliyi azaltmaq üçün siyasi mexanizm rolunu oynaya bilər, amma ABŞ-nin hərbi strategiyasını tam neytrallaşdıracaq səviyyədə təsir gücünə malik olmayacaq", - ekspert fikrini yekunlaşdırıb.
İran-ABŞ gərginliyində yeni mərhələ? - Körfəz ölkələrindən Tehranla Vaşinqton arasında seçim İran-ABŞ gərginliyində yeni mərhələ? - Körfəz ölkələrindən Tehranla Vaşinqton arasında seçim
Mənbə oxu.az

Oxşar Xəbərlər