İdman
Karlo Ançelotti Braziliya millisi ilə müqaviləsinin müddətini artırdı
İtaliyalı məşqçi Karlo Ançelotti futbol üzrə Braziliya milli komandası ilə olan müqaviləsinin müddətini 2030-cu il dünya çempionatının sonuna qədər uzadıb. Oxu.Az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının (CBF) rəsmi saytı məlumat yayıb. "Dünya futbol tarixinin ən titullu komandası olan Braziliya yığmasında Ançelottinin baş məşqçi kimi fəaliyyətini davam etdirməsi təkcə CBF-nin ona olan dəstəyini deyil, həm də mütəxəssisin 2025-ci ilin may ayında bu vəzifəyə gəlişindən sonra kollektiv və azarkeşlər arasında qazandığı böyük etimadı nümayiş etdirir", - deyə qurumun rəsmi bəyanatında vurğulanıb. Qeyd edək ki, 66 yaşlı baş məşqçinin rəhbərliyi dövründə Braziliya yığması ümumilikdə 10 qarşılaşmaya çıxıb və bu oyunların beşində qələbə qazanıb.
Mənbə
oxu.az