Cəmiyyət

Şagird məktəbdə, müəllim "ekranda"? - Təhsildə yeni qaydalar tətbiq oluna bilər - FOTO

14 May 2026, 20:30 3 baxış
Şagird məktəbdə, müəllim "ekranda"? - Təhsildə yeni qaydalar tətbiq oluna bilər - FOTO
Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, bu ildən distant təhsil modeli üzərində işlənilir. Nazir əlavə edib ki, bu yanaşma özünü doğruldur: "Daha kiçik məktəblər yerini dəyişmədən onlayn tədris apara bilirlər. Bu halda məktəb yerində qalır, müəllim digər yerdən distant təhsil aparır. Yay aylarında şagird sayı təhlil olunduqdan sonra bu istiqamətdə işlər davam etdiriləcək". Maraqlıdır, distant təhsilə keçid təhsilin keyfiyyətinə necə təsir edəcək? Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva qeyd edib ki, distant təhsil artıq dünyada alternativ deyil, müasir təhsil sisteminin vacib komponentlərindən birinə çevrilib. O vurğulayıb ki, "Təhsil haqqında" Qanunda da distant təhsil forması nəzərdə tutulub:
"Sadəcə olaraq, onun tətbiqi ilə bağlı konkret mexanizmlər və qaydalar hələ tam müəyyənləşdirilməyib. Hazırda dünyada rəqəmsallaşma sürətlənir, süni intellekt və rəqəmsal texnologiyalar bütün sahələrə, o cümlədən təhsilə ciddi təsir göstərir. Belə bir şəraitdə distant təhsildən tam kənarda qalmaq mümkün deyil. Təhsildə rəqəmsallaşma artıq labüd prosesdir. Hesab edirəm ki, bu, xüsusilə hibrid model çərçivəsində faydalı ola bilər. Regionlarda və şagird sayı az olan məktəblərdə müəllim çatışmazlığı problemi mövcuddursa, bəzi fənləri qeyri-ixtisas müəllimlərinin tədris etməsi əvəzinə, peşəkar müəllimlərin distant formada dərs keçməsi daha məqsədəuyğun yanaşmadır. Bu, həm tədrisin keyfiyyətinə müsbət təsir edər, həm də ucqar ərazilərdə yaşayan uşaqların keyfiyyətli təhsilə çıxış imkanlarını artırar. Burada əsas məsələ distant təhsilin tam şəkildə evdən deyil, məktəb mühitində təşkil edilməsidir. Şagird məktəbə gəlir, sinif mühitində olur və texniki vasitələr üzərindən distant dərsə qoşulur. Bu model həm nəzarəti gücləndirir, həm də sosial mühiti qoruyur". M.Vəliyeva bildirib ki, distant təhsil modelinin müəyyən riskləri də var:
"Bunlardan biri də şagirdlərin sosiallaşması məsələsidir. Məktəb yalnız bilik verilən yer deyil, eyni zamanda uşaqların ünsiyyət, kollektiv davranış, sosial münasibət və komanda bacarıqları qazandığı bir mühitdir. Uzun müddət yalnız onlayn təhsil alan uşaqlarda sosial adaptasiya problemləri yarana bilər. Ancaq burada tətbiq olunan model çox önəmlidir. Əgər şagirdlər məktəbə gələrək distant dərslərə qoşulurlarsa, bu zaman sosiallaşma problemi minimuma enir. Uşaqlar yenə məktəb mühitində olur, müəllim və sinif yoldaşları ilə ünsiyyət saxlayırlar. Sadəcə müəyyən fənlər üzrə müəllim başqa məkandan dərsi aparır. Digər mühüm məsələ texniki imkanlarla bağlıdır. Distant təhsilin effektiv olması üçün şagirdlərin planşet, noutbuk, stabil internet və digər rəqəmsal vasitələrlə təmin olunması vacibdir. Əks halda bölgələr arasında təhsil fərqləri daha da arta bilər. Buna görə dövlətin rəqəmsal infrastruktur və texniki təminat məsələsinə xüsusi diqqət yetirməsi lazımdır". Komitə üzvü qeyd edib ki, distant təhsilə tam alternativ kimi yox, tamamlayıcı və dəstəkləyici model kimi baxır:
"Ən optimal yanaşma hibrid təhsil modelidir. Yəni həm ənənəvi əyani təhsil qorunmalı, həm də rəqəmsal imkanlardan istifadə edilməlidir. Xüsusilə ucqar kənd məktəblərində müəllim çatışmazlığının həlli üçün bir neçə alternativ yanaşma mümkündür. Müəllimlərin regionlara cəlb olunması üçün əlavə sosial paketlərin tətbiqi, mobil müəllim qruplarının yaradılması, regional resurs mərkəzlərinin təşkili, müəyyən fənlər üzrə mərkəzləşdirilmiş onlayn dərslərin keçirilməsi, hibrid tədris modelinin tətbiqi bura aiddir. Bugünkü reallıq göstərir ki, təhsil sistemi texnologiyadan uzaq qala bilməz. Əsas məsələ distant təhsilin necə və hansı formada tətbiq edilməsidir. Əgər bu model düzgün qurularsa, xüsusilə regionlarda təhsilin keyfiyyətinin artırılması və müəllim çatışmazlığının aradan qaldırılması baxımından ciddi fayda verə bilər". Məsələ ilə bağlı Oxu.Az-a danışan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi isə qeyd edib ki, müəllim çatışmazlığı səbəbindən bəzi hallarda müvafiq fənləri qeyri-ixtisas müəllimləri tədris edir:
"Elə siniflər var ki, orada iki-üç şagird təhsil alır. Buna görə də onların maliyyələşdirilməsi və bu kimi digər xərclər baha başa gəlir. Bundan irəli gələrək distant təhsilin təşkili daha məqsədəuyğundur. Bu model şagirdlər üçün müvafiq biliklərin qazanılmasında müstəsna rola malik ola bilər. Əksər hallarda müşahidə edirik ki, şagird və dərs saatı az olan auditoriyalara müəllimlər daxil olmaq istəmir və ya həmin vakant yerləri tutmaq niyyətində deyillər. Bu da xoşagələn vəziyyət deyil. Dərslərin optimallaşdırılması ən uyğun variantdır. Sözügedən məsələ şagirdlərin sosiallaşmasına kömək olacaq. Əgər dərsləri fənn müəllimləri tədris edəcəklərsə, bu zaman onlayn tədris dövründə də dərslərin keyfiyyəti artacaq".
Şagird məktəbdə, müəllim "ekranda"? - Təhsildə yeni qaydalar tətbiq oluna bilər - FOTO Şagird məktəbdə, müəllim "ekranda"? - Təhsildə yeni qaydalar tətbiq oluna bilər - FOTO Şagird məktəbdə, müəllim "ekranda"? - Təhsildə yeni qaydalar tətbiq oluna bilər - FOTO Şagird məktəbdə, müəllim "ekranda"? - Təhsildə yeni qaydalar tətbiq oluna bilər - FOTO Şagird məktəbdə, müəllim "ekranda"? - Təhsildə yeni qaydalar tətbiq oluna bilər - FOTO Şagird məktəbdə, müəllim "ekranda"? - Təhsildə yeni qaydalar tətbiq oluna bilər - FOTO Şagird məktəbdə, müəllim "ekranda"? - Təhsildə yeni qaydalar tətbiq oluna bilər - FOTO Şagird məktəbdə, müəllim "ekranda"? - Təhsildə yeni qaydalar tətbiq oluna bilər - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər