Dünya
Boliviyada sabiq prezidentin saxlanılması üçün order verildi
Boliviyanın Tarixa departamentinin məhkəməsi sabiq prezident Evo Moralesin saxlanılması ilə bağlı order verib. Oxu.Az xəbər verir ki, bu barədə "El Deber" qəzeti məlumat yayıb. Məhkəmə dinləmələri mayın 11-də başlayıb, lakin sabiq dövlət başçısı prosesdə iştirak etməyib. Onun vəkilləri Moralesin məhkəməyə çağırılması barədə qanunvericiliyə uyğun şəkildə məlumatlandırılmadığını iddia ediblər. Məhkəmə isə müdafiə tərəfinin arqumentlərini qəbul etməyərək Moralesi itaətsizlikdə ittiham edib. Boliviya qanunvericiliyinə əsasən, bu qərar məhkəməyə sabiq prezidentin saxlanılması üçün tədbir görmək hüququ verir. 2024-cü ilin dekabrında Tarixa prokurorluğu Moralesə qarşı insan alveri maddəsi ilə ittiham irəli sürüldüyünü açıqlamışdı. İstintaqın versiyasına görə, 15 yaşlı qızın valideynləri onu dövlət sektorunda karyera qurması məqsədilə Moraleslə tanış ediblər. İddialara əsasən, sabiq prezidentlə münasibət nəticəsində azyaşlı hamilə qalıb. Qızın valideynlərinə qarşı da ittiham irəli sürülüb. Evo Morales isə özünü siyasi təqibin qurbanı hesab etdiyini bildirib.
Mənbə
oxu.az