Dünya
Fransanın Luvr muzeyində terror aktı planlaşdıran şəxs saxlanıldı
Fransa hüquq-mühafizə orqanları Luvr muzeyində terror aktı planlaşdırmaqda şübhəli bilinən Tunis vətəndaşını saxlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti Milli Antiterror Prokurorluğunun (PNAT) bəyanatına istinadən məlumat yayıb. Saxlanılma əməliyyatı mayın 7-də həyata keçirilib. İstintaqın məlumatına görə, 27 yaşlı qanunsuz miqrant radikal islamçılığın təsiri altında zorakı hərəkətlər törətməyi planlaşdırıb. Qeyd olunub ki, həmin şəxs Luvr muzeyinə və Parisin XVI dairəsində yerləşən yəhudi icmasına hücum etmək niyyətində olduğunu bildirib. Bundan əlavə, şübhəlinin "İslam Dövləti" terror təşkilatına qoşulmaq məqsədilə Suriyaya və ya Mozambikə getmək ehtimalını da nəzərdən keçirdiyi vurğulanıb. Mayın 11-i axşam saatlarında nəzarətdə saxlanılma müddəti başa çatdıqdan sonra PNAT həmin şəxsin cinayət törətmək məqsədilə terrorçu qruplaşmada iştirakda şübhəli bilinərək barəsində cinayət işinin açılması və həbs olunması barədə vəsatət qaldırıb. Araşdırmaların aparılması, xüsusilə də Daxili Təhlükəsizlik Baş İdarəsinə həvalə edilib.
Mənbə
oxu.az