Dünya
KİV: Tramp Kuba rəhbərliyinin təslim olmamasından qəzəblənib
ABŞ Prezidenti Donald Tramp Kuba hökumətinin Vaşinqtonun göstərdiyi təzyiqlərə boyun əyməməsindən narazıdır. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin yüksəkvəzifəli rəsmilərinə istinadən "NBC News" telekanalı məlumat yayıb. Telekanalın bildirdiyinə görə, ABŞ administrasiyası Kubaya qarşı sərt sanksiyalar tətbiq edib, mühüm ehtiyatların tədarükünü məhdudlaşdırıb və Prezident Migel Dias-Kanel hökuməti ilə diplomatik təmasları davam etdirir. Bununla belə, "NBC News" qeyd edir ki, Kuba rəhbərliyi hakimiyyətdən imtina etmək və ya ciddi güzəştlərə getmək niyyətində olduğuna dair heç bir əlamət göstərmir. Mənbələrin sözlərinə görə, ABŞ hökumət nümayəndələri Amerikanın hərbi müdaxiləsi olmadan belə Kuba hakimiyyətinin ilin sonuna qədər çökə biləcəyini ehtimal edirlər. Lakin "NBC News"un məlumatına əsasən, Tramp bu müddəti çox uzun hesab edir və Havana məsələsi üzrə təzyiq kampaniyasına rəhbərlik edən dövlət katibi Marko Rubio da daxil olmaqla əsas rəsmilərə narazılığını şəxsən çatdırıb. Martın 5-də ABŞ lideri bəyan edib ki, Vaşinqton İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra Kuba ilə bağlı gələcək fəaliyyət kursunu hazırlamağa başlayacaq. Tramp bundan əvvəl də ABŞ-nin təzyiqi nəticəsində Venesueladan ada dövlətinə neft tədarükü dayandırıldıqdan sonra Kuba hökuməti və iqtisadiyyatının çökmək üzrə olduğunu dəfələrlə iddia edib. Fevralın 27-də isə o, Birləşmiş Ştatların "Kuba üzərində dostcasına nəzarət qura biləcəyini" açıqlayıb. Kuba Prezidenti Migel Dias-Kanel martın 13-də bildirib ki, Havana və Vaşinqton ikitərəfli fikir ayrılıqlarını dialoq yolu ilə həll etmək məqsədilə danışıqlar aparıb. Bununla yanaşı, fevral ayında "Axios" portalı mənbələrə istinadən xəbər yayıb ki, ABŞ dövlət katibi Marko Rubio Raul Kastronun nəvəsi Raul Gilyermo Rodriges Kastro ilə adanın gələcəyini gizli şəkildə müzakirə edir.
Mənbə
oxu.az