Siyasət

Deputat: "Minsk qrupu işğalın davam etməsinə çalışırdı, Prezident bütün maneələri dəf etdi" - FOTO

10 May 2026, 19:00 1 baxış
Deputat: "Minsk qrupu işğalın davam etməsinə çalışırdı, Prezident bütün maneələri dəf etdi" - FOTO
"Prezident İlham Əliyevin Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü və həmin tədbirdə səsləndirdiyi fikirlər Azərbaycanın keçdiyi tarixi yolun, qazandığı böyük Zəfərin və postmüharibə dövründə həyata keçirilən quruculuq siyasətinin növbəti mühüm təqdimatı oldu". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, bu gün əldə olunan bütün uğurların əsasında məhz ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır: "1993-cü ildə Azərbaycan faktiki olaraq parçalanmaq təhlükəsi ilə üz-üzə idi. AXC-Müsavat hakimiyyətinin səriştəsiz fəaliyyəti nəticəsində ölkədə dərin xaos, anarxiya və özbaşınalıq hökm sürürdü. Şuşa, Laçın və Kəlbəcərin işğalı, ordudakı hərc-mərclik, vətəndaş müharibəsi təhlükəsi Azərbaycanın gələcəyini sual altına qoymuşdu. Həmin dövrdə heç bir biliyi, bacarığı və dövlət idarəçiliyi təcrübəsi olmayan şəxslər ən yüksək vəzifələri tuturdu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, küçədən keçən adamlar ölkənin taleyini həll edən vəzifələrə gətirilmişdi. Ordumuz faktiki olaraq qeyri-peşəkar və xəyanətkar qüvvələrin nəzarətində idi. Rəhim Qaziyev kimi şəxslər böyük vədlər versələr də, nəticədə torpaqlarımızın işğalına şərait yaratdılar. Azərbaycanı bu fəlakətdən xilas edən yeganə siyasi lider Heydər Əliyev oldu. O, xalqın tələbi ilə hakimiyyətə qayıdaraq ölkədə sabitlik yaratdı, dövlət institutlarını formalaşdırdı və ordu quruculuğunun əsasını qoydu". C.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan əsas məqamlardan biri xalq-iqtidar birliyi idi: "1993-cü ildə olduğu kimi, 44 günlük Vətən müharibəsində də xalq öz liderinin ətrafında sıx birləşdi. Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipial mövqeyi xalqın tam dəstəyi ilə birləşərək tarixi Zəfəri təmin etdi. Dövlət başçısının söylədiyi kimi, Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi və bu birlik düşmənin, eləcə də Azərbaycana təzyiq göstərən xarici qüvvələrin bütün planlarını alt-üst etdi. ATƏT-in Minsk qrupu illərlə münaqişənin həllini uzatmağa çalışıb. Minsk qrupu faktiki olaraq işğalın davam etməsinə xidmət edirdi. Həmsədr ölkələrin hər biri müxtəlif səbəblərdən Azərbaycanı dayandırmağa çalışırdı. 44 günlük müharibə dövründə ölkəmizə çox ciddi təzyiqlər edildi. Ancaq Prezident İlham Əliyev böyük diplomatik məharət, siyasi iradə və prinsipiallıq nümayiş etdirərək bütün maneələri dəf etdi. Nəticədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri Azərbaycan dövlətinin gücünü daha bir təzahürü idi". Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın bölgədə sülh istəyən tərəf olduğunu bir daha nümayiş etdirdi: "Azərbaycan müharibəni bitirib və regionda davamlı sülhün tərəfdarıdır. Dövlət başçısının dediyi kimi, əgər Azərbaycan istəməsəydi, bölgədə sülhdən danışmaq mümkün olmazdı. Bu gün bəzi xarici dairələr, xüsusilə Fransa Prezidenti Emmanuel Makron populist bəyanatlarla Ermənistanı müdafiə etməyə çalışır. Halbuki 2020-ci ildə Ermənistan ağır məğlubiyyətə uğrayanda həmin dairələr heç nə edə bilmədilər. Bu gün sərhəddə yerləşdirilən dırnaqarası Avropa müşahidəçiləri də vəziyyəti sabitləşdirmək yox, əksinə, gərginliyi artırmaq məqsədi daşıyır. "Binokl diplomatiyası" qəbuledilməzdir. Ermənistan və onun havadarları anlamalıdırlar ki, Azərbaycana qarşı istənilən təxribat çox sərt şəkildə cavablandırılacaq".
Mənbə oxu.az

Oxşar Xəbərlər