Siyasət

Ulu öndər üçün insan sağlamlığı dövlət prioriteti idi - FOTO

10 May 2026, 17:24 1 baxış
Ulu öndər üçün insan sağlamlığı dövlət prioriteti idi - FOTO
Ümummilli lider Heydər Əliyev digər sahələrdə olduğu kimi, Azərbaycan səhiyyəsinin inkişafında da mühüm rol oynayıb. Ulu öndər insanların sağlamlığını dövlət üçün əsas prioritetlərdən biri hesab edirdi. Onun rəhbərliyi dövründə ölkədə yeni xəstəxanalar tikilir, səhiyyə müəssisələrinin fəaliyyəti gücləndirilir, peşəkar həkim kadrlarının hazırlanmasına xüsusi diqqət ayrılırdı. Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir: "Dövlət səviyyəsində bütün mümkün tədbirləri reallaşdırıb" Bu siyasətin mahiyyətini Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov belə izah edir: "Ulu öndər XX əsrin 70-80-ci illərində elm, təhsil və səhiyyə sistemlərinin yüksəlişini təmin edərək, bu sahələrin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirləri reallaşdırıb. O, həmin dövrdə ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışıb. Bununla da səhiyyə, o cümlədən tibb elmi və təhsili, səhiyyə sahələrində mövcud durğunluğun aradan qaldırılmasına nail olub. O, Azərbaycan səhiyyəsində ölçüyəgəlməz islahatlar aparır və nəticədə o zamankı Azərbaycan Dövlət Tibb İnstitutu keçmiş Sovetlər İttifaqında sayılıb-seçilən elm və təhsil məbədlərindən birinə çevrilir. İnstitutda internatura kursu, hazırlıq şöbəsi, istehsalat təcrübəsi dekanlığı, daha sonralar tibbi-biologiya fakültəsi və dekanlığı, hərbi-tibb fakültəsi və dekanlığı və digər köməkçi şöbələr yaradılıb".
"Bu qayğıdan mənə də pay düşüb" Ə.Əmiraslanov deyir ki, Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi dövrün tələbələrindən biri olduğu üçün ulu öndərin gənclərə göstərdiyi qayğıdan ona da pay düşüb: " Bu qayğının sayəsində mən 1974-cü ildə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin aspirantı oldum. O vaxtlar Moskvanın müxtəlif ali tibb təhsili müəssisələrində mənim kimi gənclər çox idi və ümummilli liderin gənclər üçün yaratdığı əlverişli şərait hər birimizin həyatının mənasına çevrilmişdi". Komitə sədri vurğulayır ki, Heydər Əliyevin xarici ölkələrdə oxutdurduğu gənclər indi Azərbaycanda aparıcı mütəxəssislərə çevriliblər: "Onun qoyduğu təməllərin bəhrəsi Azərbaycan Tibb Universitetinin timsalında da özünü daha dolğun şəkildə göstərir. Tarixi dəlillər sübut edir ki, bu ali tibb təhsili ocağı yarandığı gündən həmişə milli kadr qıtlığından əziyyət çəkib. Lakin indi tam əminliklə deyirəm ki, həm mənim həyatımda, həm ölkəmizin tibb kadrlarının, həm də bütövlükdə Azərbaycan Tibb Universiteti kollektivinin həyatında əsaslı rol oynayan ulu öndərin sayəsində bütün sahələri üzrə çox sanballı, yüksəksəviyyəli milli kadrlar yetişib. Onlar da öz məktəblərini yarada biliblər".
Sosial siyasətin əsas istiqamətlərindən biri Millət vəkili Müşfiq Məmmədli deyir ki, ümummilli lider müasir Azərbaycanın səhiyyə sisteminin formalaşması və inkişafında mühüm rol oynamış dövlət xadimidir. Onun rəhbərliyi dövründə səhiyyə sahəsi sosial siyasətin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Həm infrastrukturun yenilənməsi, həm də əhalinin tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl və sistemli addımlar atılıb: "Xüsusilə vurğulamaq lazımdır ki, 1970-1980-ci illərdə Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda yüzlərlə yeni səhiyyə müəssisəsi istifadəyə verilib. Həmin dövrdə Bakı ilə yanaşı regionlarda da xəstəxanalar, poliklinikalar, feldşer-mama məntəqələri tikilib, kənd yerlərində tibbi xidmətin əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Bu siyasət nəticəsində minlərlə vətəndaş ilk dəfə yaşadığı ərazidə keyfiyyətli tibbi xidmət almaq imkanı əldə edib. Heydər Əliyev səhiyyənin inkişafını yalnız bina tikintisi ilə məhdudlaşdırmırdı. O, tibbi təhsil və peşəkar kadr hazırlığını da prioritet istiqamət hesab edirdi. Məhz onun təşəbbüsü ilə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərində tibb təhsili almasına geniş imkan yaradılıb".
Dövlətin bu sahəyə verdiyi önəmin göstəricisi Millət vəkili bildirir ki, ulu öndərin diqqət yetirdiyi əsas məsələlərdən biri də ana və uşaq sağlamlığının qorunması idi: "Həmin dövrdə doğum evlərinin, uşaq xəstəxanalarının və sanatoriya müəssisələrinin sayı artırılıb, profilaktik tibbi müayinələrin əhatə dairəsi genişləndirilib. Əhalinin peyvəndlənməsi və yoluxucu xəstəliklərlə mübarizə istiqamətində həyata keçirilən tədbirlər də səhiyyə göstəricilərinin yaxşılaşmasına ciddi təsir göstərib. Müstəqillik dövründə də Heydər Əliyev səhiyyə sisteminin dövlət siyasətində strateji sahə kimi qorunmasına xüsusi önəm verirdi. 1993-cü ildən sonra ölkədə sabitliyin təmin olunması səhiyyə sisteminin yenidən qurulmasına imkan yaratdı. Çətin iqtisadi şəraitə baxmayaraq, səhiyyə müəssisələrinin fəaliyyəti qorunub saxlanıldı, əhalinin tibbi təminatı diqqət mərkəzində oldu. Bu gün Prezident İlham Əliyev tərəfindən səhiyyə sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar, yeni xəstəxanaların tikintisi, rəqəmsallaşma prosesləri, icbari tibbi sığorta sisteminin tətbiqi və regionlarda müasir tibb müəssisələrinin yaradılması məhz Heydər Əliyevin müəyyən etdiyi strateji kursun uğurlu davamıdır".
M.Məmmədli sonda vurğulayır ki, ümumilikdə, Heydər Əliyevin səhiyyə siyasəti Azərbaycanda insan amilinə əsaslanan, vətəndaş yönümlü və müasir səhiyyə sisteminin formalaşması üçün möhkəm təməl yaradıb. Bu irs bu gün də uğurla davam etdirilir və Azərbaycan səhiyyəsinin inkişafında əsas strateji istiqamətlərdən biri olaraq qalır.
Mənbə oxu.az

Oxşar Xəbərlər