Siyasət

Heydər Əliyev və Azərbaycan idmanı: Dağıntıdan dirçəlişə - FOTO

10 May 2026, 16:36 1 baxış
Heydər Əliyev və Azərbaycan idmanı: Dağıntıdan dirçəlişə - FOTO
Azərbaycan idmanının bugünkü uğurları təsadüfi deyil. Onların arxasında illər əvvəl düşünülmüş, məqsədyönlü və uzaqgörən siyasət dayanır. Həmin siyasətin müəllifi isə ümummilli lider Heydər Əliyevdir. Onun yanaşmasında idman dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi dəyərləndirilirdi. Heydər Əliyev idmanı gənclərin sağlam ruhda yetişməsi, cəmiyyətin formalaşması və dövlətin beynəlxalq nüfuzunun artması üçün vacib vasitə sayırdı. Bu baxış Azərbaycanın sonrakı illərdə idman sahəsində qazandığı uğurların əsasını təşkil etdi. Onun yanaşmasında idman sadəcə medal və nəticə deyildi. İdman həm də sağlam cəmiyyət, güclü dövlət və milli özünüdərk arasında qurulan körpü idi. Məhz bu səbəbdən ulu öndərin idman siyasəti digər sahələr kimi epizodik deyil, sistemli və uzunmüddətli strategiya üzərində qurulmuşdu. Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Möhkəm təməllər Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə idman sahəsinə münasibət kökündən dəyişdi. Sovet illərində atılan addımlar göstərirdi ki, bu sahə gələcək üçün prioritet müəyyənləşdirilir. Stadionların tikilməsi, idman zallarının yaradılması, uşaq-gənclər məktəblərinin genişləndirilməsi sağlam və güclü nəsil yetişdirməyə xidmət edirdi. 1970-ci illərdə Bakıda 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə Bakıda möhtəşəm idman sarayının təməli qoyularaq inşa edildi. 1974-cü ildə ölkənin 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi. Beləliklə, idman sahəsində gələcək üçün möhkəm təməllər hələ ulu öndərin birinci rəhbərliyi dövründə olduqca məhdud imkanlarla qoyulmuşdu. Ulu öndər üçün idman intizam, iradə və vətənə bağlılıq məktəbi idi. O, idmana bir sosial institut kimi yanaşırdı, atdığı addımlar da bu istiqamətdə idi. Dağıntıdan dirçəlişə Müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklər idman sahəsinə də təsirsiz ötüşmədi. Təəssüf ki, həmin qeyri-sabitlik illərində idman infrastrukturu dağıldı, sistem pozuldu, idmançılar bir ucdan ölkəni tərk etməyə başladılar. Bu, geniş miqyasda sağlam gələcək üçün aşkar təhlükə idi. Nə yaxşı ki xilaskar vaxtında yetişdi...
1993-cü ildə xalqın təkidli xahişi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkə həyatının digər sahələrində olduğu kimi, idman sahəsində də mənzərəni kökündən dəyişdi. İdman yenidən dövlətin diqqət mərkəzinə gətirildi. Bütün sahələrdə olduğu kimi burada da atılan məqsədli və prinsipial addımlar, qəbul edilən ardıcıl qərarlar gələcək böyük uğurların təməlini qoydu. Ulu öndər idmanı dirçəltməklə əslində cəmiyyətin özünə inamını bərpa edirdi. O, yaxşı anlayırdı ki, meydanda qazanılan qələbələr milli ruhu da gücləndirir. İdarəetmə institutunun formalaşdırılması Heydər Əliyevin idman sahəsində ən böyük xidmətlərindən biri bu istiqamətdə sistemli idarəetmənin qurulması oldu. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə ümummilli liderin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı. Yeni mərhələnin başlanğıcı Ümummilli Lider tərəfindən formalaşdırılan idman siyasəti 1997-ci ildən etibarən yeni və daha dinamik inkişaf mərhələsinə qədəm qoydu. İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Heydər Əliyevin idmanın inkişafına dair müəyyən etdiyi strateji xəttin daha sürətli və sistemli şəkildə reallaşmasına güclü təkan verdi. İlham Əliyevin rəhbərliyi altında idman və bədən tərbiyəsinin inkişafı prioritet istiqamətlərdən birinə çevrildi, Azərbaycan beynəlxalq idman arenasında daha fəal və nüfuzlu mövqe qazanmağa başladı.
Bayraq, himn və qürur Heydər Əliyevin idmana verdiyi dəyərin arxasında daha geniş bir baxış dayanırdı. O, idmanı ölkənin beynəlxalq təqdimat vasitəsi kimi görürdü. Böyük yarışlarda qaldırılan bayraq, səslənən himn idman hadisəsi olmaqdan əlavə, həm də dövlətin dünyaya mesajıdır. Ulu öndərin uzaqgörənliyi də məhz burada üzə çıxır. O, idmanın gələcəkdə Azərbaycanın tanıdılmasında necə mühüm rol oynayacağını öncədən görürdü. Bu gün Azərbaycanın idman sahəsində qazandığı uğurlar həmin siyasətin məntiqi nəticələridir. Ulu öndərin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə idman infrastrukturu daha da genişləndirildi, beynəlxalq yarışlar ölkəmizə gətirildi, idmançılara göstərilən diqqət artırıldı. Regionlarda tikilən Olimpiya kompleksləri, Bakıda və bölgələrdə keçirilən mötəbər yarışlar və əldə olunan nəticələr göstərir ki, vaxtilə qoyulan təməl möhkəmdir. Azərbaycanın idman ölkəsi kimi tanınması illər əvvəl müəyyən dəqiq olunmuş strateji xəttin nəticəsidir. Bu xəttin müəllifi olan Heydər Əliyev idmanı dövlətçilik düşüncəsinin bir hissəsinə çevirməklə gələcək nəsillər üçün davamlı inkişaf modeli formalaşdırdı. Bu gün qazanılan hər bir medal, hər bir qələbə və hər bir beynəlxalq uğur həmin uzaqgörən siyasətin davamı kimi dəyərləndirilir. Azərbaycan Olimpiya, dünya və Avropa çempionları ilə, möhtəşəm idman qurğuları ilə öyünürsə, böyük idman tədbirlərinə möhtəşəm təşkilatçılığı ilə seçilirsə, beynəlxalq idman təşkilatlarının güclü tərəfdaşı kimi çıxış edirsə, bunların hər biri məhz həmin siyasətin nəticəsindədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər