Siyasət

Millət vəkili: "Vətən müharibəsində də gördük ki, dövlət başçımız böyük beynəlxalq təzyiqə tab gətirdi"

10 May 2026, 16:48 1 baxış
Millət vəkili: "Vətən müharibəsində də gördük ki, dövlət başçımız böyük beynəlxalq təzyiqə tab gətirdi"
"Yarandığı gündən konstruktiv və ədalətli fəaliyyət göstərə bilməyən Minsk qrupu Azərbaycan ictimaiyyəti və rəhbərliyi tərəfindən dəfələrlə tənqid edilib". Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O bildirib ki, ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədr ölkələr işğalın legitimləşdirilməsinə çalışmış, lakin Azərbaycan xalqı işğalla heç zaman barışmamışdı: "Ulu öndər Heydər Əliyev və daha sonra Prezident İlham Əliyev vurğulayırdılar ki, Azərbaycanın təhlükəsizliyinin əsas təminatı yalnız öz ordusu, iqtisadi qüdrəti və diplomatik bacarığı ola bilər. Xarici vasitəçilərin nəticəsiz fəaliyyəti fonunda ölkəmiz müstəqil siyasət kursunu ardıcıl şəkildə gücləndirdi. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ildə suverenliyin tam bərpası üçün son missiya bu siyasətin məntiqi yekunu oldu. Azərbaycan BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində qalan qətnamələrinin icrasını öz hərbi-siyasi gücü ilə təmin etdi, işğala son qoyaraq ərazi bütövlüyünü bərpa etdi. Bununla da Minsk qrupunun mövcudluğuna ehtiyac tamamilə aradan qalxdı". "8 avqust Vaşinqton görüşündə Prezident İlham Əliyevin prinsipial diplomatik addımları nəticəsində Ermənistan şərtlərimizlə razılaşmağa məcbur edildi, Minsk qrupunun ləğvi təmin olundu. Bu, Azərbaycanın diplomatiya tarixində mühüm mərhələdir. Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü olan Avropa İttifaqının "mülki" adı altında həyata keçirdiyi hərbi-kəşfiyyat missiyasının məqsədi Qərbin Ermənistanda hərbi mövcudluğunu təşkil etmək, kəşfiyyat fəaliyyəti aparmaq və Ermənistana müxtəlif istiqamətlərdə dəstək verməkdir. Xatırladım ki, bu missiya 20 oktyabr 2022-ci ildə iki aylıq müddətə yaradılmış, lakin sonradan Fransanın öncüllüyü ilə və Azərbaycan tərəfinin razılığı olmadan 20 fevral 2023-cü ildən iki il müddətinə mandat almışdı. 11 dekabr 2023-cü ildə isə Fransanın təşəbbüsü ilə missiyanın şəxsi heyəti 138 nəfərdən 209 nəfərə qədər artırılmışdı. Baxmayaraq ki, sülh gündəliyinin formalaşması bu missiyanın legitimliyini sual altına qoymuşdu, sonradan missiyanın vaxtı daha iki il müddətinə uzadılmışdı", - deyə deputat vuğrulayıb. Sülhün müəllifinin Azərbaycan və Prezident İlham Əliyev olduğunu əlavə edən müsahibimiz, Azərbaycan istəməsə heç bir sülhün mümkün olmayacağını diqqətə çatdırıb: "Prinsipial məsələlərdə Prezident İlham Əliyev heç vaxt geri çəkilmir. 44 günlük Vətən müharibəsində də gördük ki, dövlət başçımız böyük beynəlxalq təzyiqə tab gətirdi, ölkəmizin milli maraqlarını, haqlı mövqeyimizi sonunadək qorudu və Zəfər qazandı. Ermənistanın sülh müqaviləsinə imza atmaq üçün edəcəyi növbəti əsas addım Ermənistanın Müstəqillik Bəyannaməsi və konstitusiyasının preambula hissəsinə labüd dəyişiklikləri etməsidir. Azərbaycanın Ermənistana qarşı hərbi planları yoxdur, bu kimi manipulyasiya yaratmaq istəyənlərin məqsədi regionda sabitliyi pozmaqdır. Ölkəmiz sülh gündəliyinə sadiqdir və regionda əmin-amanlıq, sabitlik yaratmaq əsas prioritetdir. Lakin beynəlxalq təzyiqlər, xarici qüvvələr Ermənistanda seçki yaxınlaşdıqca mövcud normallaşma və həssas sülhə ziyan olacaq addımlar atırlar. Bu gün nədənsə ortaq sülh gündəliyinə zərbə vurmaq istəyənlərə adekvat cavab Ermənistandan gəlmir".
Mənbə oxu.az

Oxşar Xəbərlər