Dünya

Kruiz gəmisində hantavirus dəhşəti: Ölənlər var, yoluxma sayı artır

07 May 2026, 19:46 1 baxış
Kruiz gəmisində hantavirus dəhşəti: Ölənlər var, yoluxma sayı artır
Niderlandın İctimai Səhiyyə və Ətraf Mühit üzrə Kral İnstitutu (RIVM) "MV Hondius" kruiz gəmisindən təxliyə olunmuş pasiyentlərdən birində hantavirus infeksiyasının olduğunu təsdiqləyib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Neymegen şəhərindəki Radbud Universiteti Tibb Mərkəzi məlumat yayıb. Qeyd olunur ki, gəminin keçmiş sərnişinindən götürülmüş hantavirus testinin nəticəsi müsbət çıxıb. Tibb müəssisəsindən bildirilib ki, infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə xəstənin yerləşdiyi şöbədə zəruri izolyasiya tədbirləri görülüb. Beləliklə, "Hondius" laynerində xəstələnən sərnişin və heyət üzvlərinin ümumi sayı 9 nəfərə çatıb. Bundan əvvəl Niderland hakimiyyəti mayın 6-sı və 7-də iki təxliyə reysi ilə krallığa gətirilən gəminin üç sərnişininin xəstəxanaya yerləşdirildiyini açıqlamışdı. Onlar ölkənin müxtəlif tibb müəssisələrində, o cümlədən Neymegen və Leyden şəhərlərində hospitalizasiya olunublar. Məlumata görə, "MV Hondius" gəmisinin mayın 10-da Kanar adalarına çatacağı gözlənilir. Daha əvvəl gəmidə 8 nəfərdə hantavirus aşkarlanmışdı. İndiyədək 3 sərnişin, o cümlədən Niderlanddan olan ər-arvad vəfat edib, bir xəstə isə Yohannesburq xəstəxanasında ağır vəziyyətdədir. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün sərnişinlərə kayutları tərk etməmək tapşırılıb. Lakin hantavirusun inkubasiya dövrünün bir neçə həftə davam edə bilməsi yeni yoluxma hallarının operativ aşkar edilməsini çətinləşdirir. Hantavirus əlamətləri müşahidə olunan bir qadın cinsli xəstə Amsterdam Universitetinin Tibb Mərkəzinə qəbul edilib. Oxu.Az "Hart van Nederland" nəşrinə istinadla xəbər verir ki, pasiyentin səhhəti hazırda sabitdir və onda virusun xəfif əlamətləri qeydə alınır. Məlumata görə, Haarlem şəhərindən olan həmin qadın KLM aviaşirkətinin stüardessasıdır. O, Yohannesburq istiqamətində həyata keçirilən reysdə iştirak edib və bu uçuşdan sonra Cənubi Afrika Respublikasındakı xəstəxanada sözügedən infeksiyadan dünyasını dəyişən 69 yaşlı niderlandlı sərnişinlə təmasda olub. Hazırda KLM işçisi tibb müəssisəsində karantinə alınıb və hantavirus üzrə verilmiş analizlərin cavabını gözləyir. Ümumdünya Səhiyyə Təşkilatı "MV Hondius" adlı kruiz gəmisindəki şəxslər arasında səkkiz nəfərdə hantavirus infeksiyasının təsdiqləndiyini bildirib. Həmin şəxslərin siyahısına Yohannesburqda vəfat edən niderlandlı qadınla yanaşı, dünyasını dəyişmiş daha iki sərnişin də daxildir. Cənubi Afrika Respublikasının səhiyyə naziri Aaron Motsoaledi yerli ekspertlərin ölüm hallarına yol açan hantavirus növünü aşkar etdiklərini bəyan edib. Müəyyən olunub ki, bu, sıx təmas vasitəsilə insandan insana keçə bilən "Andes" ştammıdır. Qeyd edək ki, üç həftə öncə Niderland bayrağı ilə hərəkət edən gəmi Argentinanın Uşuaya limanından çıxaraq yekun mənzili olan Kanar adalarına doğru istiqamət götürmüşdü. Səyahət zamanı gəmi Atlantik okeanında yerləşən bir sıra adalarda lövbər salıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər