Dünya
İraq Səudiyyə Ərəbistanı ilə sərhədin yaxınlığında böyük neft yatağı tapdı
İraq dövləti ölkənin cənub-qərb hissəsində, Səudiyyə Ərəbistanı ilə sərhədin yaxınlığındakı Nəcəf əyalətində yerləşən Əl-Qərneyn blokunda yeni neft yatağının tapıldığını bəyan edib. Oxu.Az xəbər verir ki, bu məlumatı İraqın Neft Nazirliyi açıqlayıb. Bildirilir ki, yeni kəşflə əlaqədar detallar İraqın neft naziri Hayan Əbdül-Qani və Çinin "Zhenhua Oil" ("Norinco" şirkətinin tərkibinə daxildir) müəssisəsinin nümayəndələri arasında baş tutan görüşdə təqdim olunub. Sözügedən nümayəndə heyəti beşinci əlavə və altıncı lisenziyalaşdırma mərhələlərinin yekunlarına əsasən Əl-Qərneyn, eləcə də Əbu Xema bloklarında fəaliyyət göstərmək hüququ qazanıb. Nazirliyin açıqlamasına əsasən, aşkarlanan yeni yatağın ümumi ehtiyatı 8.83 milyard barel həcmində dəyərləndirilir, gündəlik hasilatın isə 3.248 min barel olacağı proqnozlaşdırılır. Məlumat üçün qeyd edək ki, Əl-Qərneyn bloku İraqın cənub-qərb zonasında, İraq və Səudiyyə Ərəbistanı sərhədi boyunca yerləşməklə ümumilikdə 8 773 kvadratkilometr sahəni əhatə edir.
Mənbə
oxu.az