Dünya
Səudiyyə Ərəbistanı ABŞ-nin "Azadlıq layihəsi" əməliyyatını dəstəkləməyib
Vaşinqtonun əvvəlcədən xəbərdarlıq etməməsi səbəbindən Səudiyyə Ərəbistanı ABŞ-nin Hörmüz boğazında gəmilərin keçidini təmin etmək məqsədi daşıyan "Azadlıq layihəsi" əməliyyatına dəstək verməyib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "NBC News" məlumat yayıb. Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın "TruthSocial" şəbəkəsində əməliyyat barədə qəfil paylaşımı Fars körfəzi ölkələrində təəccüb doğurub və Səudiyyə rəhbərliyinin kəskin narazılığına yol açıb. Bunun ardınca Ər-Riyad ABŞ hərbçilərinin Şahzadə Sultan hərbi bazasından uçuşlar həyata keçirməsinə icazə verməyəcəyini və hava məkanını onların üzünə bağlayacağını Vaşinqtonun diqqətinə çatdırıb. "NBC News" telekanalının bildirdiyinə görə, Tramp ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında baş tutan telefon danışığı da yaranmış gərginliyi aradan qaldıra bilməyib. Nəticə etibarilə ABŞ lideri planlaşdırılan əməliyyatı təxirə salmaq məcburiyyətində qalıb. Qeyd edək ki, Ağ Ev rəhbəri daha əvvəl İranla aparılan danışıqların müsbət nəticələnəcəyi və yekun razılaşma əldə ediləcəyi təqdirdə Hörmüz boğazında sözügedən əməliyyatları müvəqqəti dayandırmaq qərarı verəcəyini bəyan etmişdi.
Mənbə
oxu.az