Dünya

Melani Qugelmann: "İsveçrə ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır"

07 May 2026, 09:28 1 baxış
Melani Qugelmann: "İsveçrə ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır"
"İsveçrə hökuməti ABŞ və İran arasındakı münaqişənin həlli üçün danışıqlara ev sahibliyi etməyə hazırdır". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İsveçrə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Melani Qugelmann açıqlayıb. "İsveçrə həmişə öz xoşməramlı xidmətlərini təklif etməyə hazırdır. Sülhün bərqərar olmasına kömək edən istənilən diplomatik təşəbbüsü dəstəkləyirik. XİN bütün tərəflərlə əlaqə saxlayır", - deyə XİN rəsmisi bildirib. Daha əvvəl "Axios" portalı mənbələrinə istinadən məlumat yayıb ki, Vaşinqton və Tehran silahlı münaqişənin başa çatdırılması barədə memorandumun imzalanmasına yaxındır. Bildirilib ki, Hörmüz boğazının açılması, İranın nüvə proqramının məhdudlaşdırılması və ABŞ sanksiyalarının ləğvi barədə sazişin detalları üzrə danışıqlar İslamabadda və ya Cenevrədə keçirilə bilər. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib. Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib. Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər