Dünya
İspan siyasi xadimin qalıqları qədim əlyazma ilə dəyişdirilə bilər - FOTO
Meksikalı yazıçı və siyasi xadim Pedro Migel ispan konkistadoru Ernan Kortesin qalıqlarının İspaniyaya verilməsi müqabilində qədim maya artefaktlarının geri qaytarılmasını təklif edib. Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. P.Migel Meksikanın Milli Antropologiya və Tarix İnstitutuna müraciət edərək Kortesin qalıqlarının ekshumasiya olunmasını (məzardan çıxarılmasını) və İspaniyaya təhvil verilməsini təklif edib. Bunun əvəzində isə o, İspaniyadan "Trokortesiano" (Madrid məcəlləsi) və ya müstəmləkə dövründə ölkədən çıxarılmış digər mədəni dəyərlərin qaytarılmasını tələb edib. Müəllifin planına əsasən, hazırda Mexikonun tarixi mərkəzindəki İsa məbədində saxlanılan qalıqlar sanitar qaydalara uyğun şəkildə çıxarılaraq İspaniyaya göndərilə bilər. P.Migel bu təşəbbüsü İspaniyada Kortesin şərəfinə tədbirlərin keçirilməsi planlarına etiraz olaraq irəli sürüb və bunu təxribatçı addım kimi qiymətləndirib. O qeyd edib ki, bu cür hərəkətlər Meksika Prezidenti Klaudiya Şeynbaum və İspaniyanın Baş naziri Pedro Sançes arasında münasibətlərin normallaşdırılması səylərinə zərbə vurur. Xatırladaq ki, Ernan Kortes 1521-ci ildə Astek imperiyasının süqutuna səbəb olan ekspedisiyaya rəhbərlik edib. Müasir Meksikada onun fəaliyyəti mənfi qiymətləndirilir və o, yerli xalqlara qarşı zorakılığın rəmzi kimi qəbul olunur.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az