Dünya

Yaxın Şərq hadisələri qlobal neft bazarını təhdid edir - Ehtiyatlarda rekord azalma

06 May 2026, 14:50 1 baxış
Yaxın Şərq hadisələri qlobal neft bazarını təhdid edir - Ehtiyatlarda rekord azalma
ABŞ və İsrailin İrana hücumu fonunda Yaxın Şərqdə baş verənlərin təklifi aşağı salması nəticəsində qlobal neft ehtiyatlarında aprel ayında 200 milyon barellik azalma qeydə alınıb. Bu göstərici COVID-19 pandemiyası dövründən bəri müşahidə olunan ən böyük geriləmə hesab olunur. Oxu.Az bildirir ki, bu barədə "Financial Times" qəzeti "S&P Global Energy" analitik şirkətinin məlumatlarına istinadla məqalə hazırlayıb. Analitik şirkətin məlumatlarında qeyd olunur ki, gündəlik istehlakın təqribən 5 milyon barel aşağı düşməsinə rəğmən apreldə neft ehtiyatları ciddi şəkildə azalıb. Qurumun neft tədqiqatları üzrə rəhbəri Cim Burhard bunun adi səviyyələri xeyli dərəcədə üstələyən nəhəng bir rəqəm olduğunu vurğulayıb. O əlavə edib ki, standart şəraitdə dünya üzrə ehtiyatlar aylıq olaraq bir neçə yüz mindən bir milyon barelədək dəyişir. Ekspert bildirib ki, ABŞ və İsrailin İrana qarşı mübarizəsi qlobal bazarda 1 milyard barel neft itkisi ilə nəticələnib və təklifdəki azalma yanacağa olan tələbatın enməsindən daha sürətlə baş verir. Burhardın sözlərinə görə, hazırda dünyada təqribən 4 milyard barel neft ehtiyatı mövcuddur, ancaq bu həcmin böyük bir qismi neft emalı müəssisələrinin və boru kəmərlərinin fəaliyyətinin saxlanılmasına yönəldilir. Bir müddət öncə dünyanın aparıcı investisiya banklarından sayılan "Goldman Sachs" Hörmüz boğazındakı tədarük məhdudiyyətləri ucbatından qlobal neft rezervlərinin son səkkiz ilin ən minimum səviyyəsinə yaxınlaşdığını proqnozlaşdırmışdı. Bankın hesabatına əsasən, anbarlardakı mövcud qlobal neft ehtiyatları cəmi 101 günlük istehlakı qarşılamağa yetərlidir. May ayının sonlarına doğru bu rəqəmin 98 günədək azalması ehtimalı var.
Mənbə oxu.az

Oxşar Xəbərlər