Dünya
Çəkilmiş bığla "böyüyən" uşaqlar: Britaniyada onlayn təhlükəsizlik qalmaqalı
Böyük Britaniyada uşaqlar onlayn yaş yoxlama sistemlərini çox sadə üsullarla, hətta üzlərinə çəkilmiş bığ vasitəsilə belə aldada bilirlər. Oxu.Az xəbər verir ki, bu barədə "The Register" nəşri məlumat yayıb. "Internet Matters" təşkilatının araşdırması göstərib ki, azyaşlıların böyük hissəsi yaş yoxlama sistemlərini ciddi maneə hesab etmir. Sorğuda iştirak edənlərin təxminən yarısı bu sistemlərin zəif olduğunu bildirib, üçdə biri isə məhdudiyyətləri uğurla aşdığını etiraf edib. Uşaqların istifadə etdiyi üsullar arasında saxta doğum tarixləri daxil etmək, kameraya başqasının şəklini və ya videooyun personajlarını göstərmək, eləcə də yaşlı görünmək üçün sadə qrimlərdən istifadə etmək var. Araşdırmaya görə, bəzi valideynlər də bu prosesdə mənfi rol oynayırlar: onların 17%-i uşaqlara məhdudiyyətləri aşmaqda birbaşa kömək edir, 9%-i isə buna göz yumur. Nəticədə azyaşlıların təxminən yarısı son dövrlərdə internetdə zərərli məzmunla qarşılaşıb. "Internet Matters" təşkilatının rəhbəri Reyçel Haqqins təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə çağırıb. O bildirib ki, effektiv qoruma mexanizmləri platformalara sonradan deyil, ilkin mərhələdə inteqrasiya olunmalıdır.
Mənbə
oxu.az