Dünya

ABŞ doqquz həftədə 250 milyon bareldən çox neft ixrac edib

06 May 2026, 02:12 1 baxış
ABŞ doqquz həftədə 250 milyon bareldən çox neft ixrac edib
ABŞ son doqquz həftə ərzində 250 milyon bareldən çox neft ixrac edərək bu göstərici üzrə dünyada birinci yerə yüksəlib. "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu artım İran ətrafındakı hərbi münaqişə nəticəsində yaranan təklif çatışmazlığını qismən kompensasiya edib. Lakin rekord həcmdə ixrac fonunda mövcud ehtiyatların tezliklə tükənə biləcəyi ilə bağlı narahatlıqlar artmaqdadır. Enerji sektoru üzrə ekspertlər bu səviyyədə tədarükün uzun müddət davam etdirilməsinin çətin olacağını vurğulayırlar. Məlumata görə, ABŞ-nin daxili neft ehtiyatları artıq dörd həftədir azalır və tarixi orta göstəricilərdən aşağı düşüb. Eyni zamanda hasilat şirkətləri artan tələbatı təmin etməkdə çətinlik çəkirlər. "Reuters" agentliyinin "Goldman Sachs" analitiklərinə istinadən yaydığı məlumata görə isə, Hörmüz boğazı vasitəsilə tədarükün məhdudlaşması səbəbindən qlobal neft ehtiyatları son səkkiz ilin minimumuna yaxınlaşır. Hazırda bu ehtiyatlar dünya üzrə 101 günlük tələbatı qarşılayır. Proqnozlara görə, mayın sonuna qədər bu göstərici 98 günə qədər düşə bilər.
Mənbə oxu.az