Dünya
KİV: ABŞ-nin İranla münaqişədə xərcləri 70 milyard dolları ötüb
ABŞ-nin İranla münaqişəyə çəkdiyi xərclər 70 milyard dolları ötüb. Oxu.Az "RIA Novosti"yə istinadən xəbər verir ki, bunu Iran-cost-ticker.com portalının statistikası göstərir. Məlumata əsasən, hazırda xərclər 70.9 milyard dolları keçib və bu rəqəm artmaqda davam edir. Qeyd edək ki, Pentaqonun maliyyə şöbəsinin müvəqqəti rəhbəri Culs Herst Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı ABŞ-nin münaqişəyə xərclərinin təxminən 25 milyard dollar təşkil etdiyini demişdi. ABŞ KİV-ləri isə məlumatlı mənbələrə istinadən real xərclərin 40-50 milyard dollara yaxın olduğunu yazıb. Bu məbləğə ABŞ hərbi obyektlərinin bərpası və məhv edilmiş texnikanın yenilənməsi xərcləri də daxildir. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İran ərazisindəki obyektlərə zərbələr endirməyə başlayıb. Nəticədə üç mindən çox insan həlak olub. İran isə cavab olaraq İsrail ərazisinə və Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə zərbələr endirib.
Mənbə
oxu.az