Dünya
Qlobal aviaşirkətlər iki milyon sərnişin yerini ixtisar etdilər - SƏBƏB
Beynəlxalq aviaşirkətlər gələcəkdə yarana biləcək yanacaq qıtlığı təhlükəsini nəzərə alaraq son iki həftə ərzində may ayı üzrə uçuş cədvəllərindəki sərnişin yerlərinin sayını iki milyon azaldıblar. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb. "Cirium" analitik şirkətinin məlumatlarına əsaslanan portal bildirir ki, mümkün qıtlıq risklərinə görə minlərlə reys təxirə salınıb və bəzi daşıyıcılar yanacaq sərfiyyatını optimallaşdırmaq məqsədilə daha kiçik ölçülü, qənaətcil hava gəmilərindən istifadəyə başlayıblar. Mövcud vəziyyət İrandakı münaqişə ilə bağlıdır və bu səbəbdən aviayanacağın qiymətinin iki dəfə bahalaşması şirkətləri biletlərin qiymətini artırmağa vadar edib. Nəşr bildirir ki, Avropa və Asiya arasındakı uçuşların üçdəbir hissəsini qəbul edən Fars körfəzi ölkələrinin hava limanlarının bağlanması qlobal aviasiya sektorunda ciddi fasilələr yaradıb. Media orqanlarının yaydığı xəbərlərə əsasən, "Qatar", "Etihad" və "Emirates" kimi körfəz bölgəsi aviaşirkətləri bəzi reyslərin ləğvi də daxil olmaqla, may cədvəllərində müəyyən yeniliklər tətbiq ediblər. Eyni zamanda, "ANA", "China Air", "United" və "British Airways" kimi qlobal daşıyıcılar hava nəqliyyatındakı çətinlikləri tənzimləmək üçün marşrut şəbəkələrini yenidən formalaşdıraraq reyslərin sayını ixtisar edib və ya çoxaldıblar. Ümumi mənzərədə "Cirium"un hesabatına əsasən, may ayı üzrə bütün aviaşirkətlərin təqdim etdiyi sərnişin yerlərinin sayı aprelin ikinci yarısı ilə müqayisədə 132 milyondan 130 milyonadək azalıb.
Mənbə
oxu.az