Dünya

ABŞ və Venesuela arasında birbaşa aviareyslər bərpa olundu - VİDEO

01 May 2026, 13:56 1 baxış
ABŞ və Venesuela arasında birbaşa aviareyslər bərpa olundu - VİDEO
ABŞ ilə Venesuela arasında təxminən yeddi ildən sonra ilk dəfə kommersiya təyinatlı sərnişin təyyarəsinin uçuşu baş tutub. Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) nəşri məlumat yayıb.
"American Airlines" aviaşirkətinə məxsus hava gəmisi aprelin 30-da ABŞ hava limanından Karakasa doğru istiqamət alıb. Uçuşdan öncə rəmzi lentin kəsilməsi mərasimi keçirilib. "Dövlətlərimiz arasında yeddi ilə yaxın idi ki, birbaşa kommersiya aviareysləri mövcud deyildi. ABŞ rəhbəri Donald Trampın dövründə biz bu gün bu vəziyyəti dəyişirik", - deyə Dövlət Departamentinin nümayəndəsi Nataliya Molano bildirib. Venesuelanın Vaşinqtondakı səfiri Feliks Plasensiya isə "American Airlines"ın 3 599 saylı reysinin dialoqdan əməli fəaliyyətə keçidi simvolizə etdiyini vurğulayıb. Diplomatın sözlərinə görə, hava əlaqəsinin bərpası Karakasla Vaşinqton arasındakı qarşılıqlı anlaşmanın yeni səviyyəyə qədəm qoyduğunu nümayiş etdirir. NYT qeyd edir ki, ilk uçuşla gedən sərnişinlər əsasən ABŞ hökumətinin rəsmiləri, "American Airlines" əməkdaşları və media nümayəndələri olub. Aviaşirkət Mayami və Karakas arasında hər gün bir reys həyata keçirməyi, mayın 21-dən isə bu uçuşların sayını gündəlik ikiyə çatdırmağı planlaşdırır.
Mənbə oxu.az

Oxşar Xəbərlər