Dünya
"Labubu" sürətlə müştərilərini itirməyə başlayıb
Məşhur "Labubu" gəlinciklərinin istehsalı ilə məşğul olan Çinin "Pop Mart" şirkətində ciddi tənəzzül əlamətləri müşahidə olunmağa başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Məlum olub ki, sözügedən məhsulların ABŞ-dəki mart satışları ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz azalıb. Bu kəskin geriləmə qış aylarında qeydə alınan artım dinamikasını (yanvarda 130 faiz, fevralda isə 41 faiz) tamamilə sıfırlayıb. Nəşrin qeyd etdiyinə görə, ABŞ "Pop Mart" üçün ən mühüm xarici bazara çevrilib. 2024-cü ildə ümumi gəlirin cəmi 5.5 faizi bu regionun payına düşdüyü halda, 2025-ci ildə bu göstərici 18 faizə yüksəlib. Lakin ötən ayın statistikası istehlakçı tələbatının zəiflədiyini nümayiş etdirir. Əgər bu meyil davam edərsə, şirkətin ümumi inkişaf tempi əhəmiyyətli dərəcədə yavaşlaya bilər. Hazırda şirkətin Çində 445 mağazası və geniş ticarət avtomatları şəbəkəsi fəaliyyət göstərir. Şimali Amerikada isə 64 mağazadan 42-si məhz ötən il müştərilərin istifadəsinə verilib.
Mənbə
oxu.az