Dünya
Ukraynaya ayrılan yardımla bağlı yenilik - Aİ Kiyevə nə ilə bağlı icazə verdi?
Avropa İttifaqı (Aİ) Ukraynaya təqdim edilən maliyyə dəstəyinin hərbçilərin əməkhaqlarının ödənilməsinə yönəldilməsinə ilk dəfə olaraq razılıq verib. Oxu.Az xəbər verir ki, bu barədə "Xalqın xidmətçisi" partiyasının deputatı Arseni Puşkarenko yerli "Strana" nəşrinə açıqlamasında deyib. Bildirilib ki, bu qərar sayəsində artıq Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə maaşlar yeni təsdiqlənmiş 90 milyard avroluq kredit vəsaitləri çərçivəsində də verilə bilər. Xatırladaq ki, indiyədək Ukrayna kənardan gələn yardımları sadəcə mülki ehtiyaclara xərcləyir, hərbi xərcləri isə tamamilə daxili imkanları hesabına təmin edirdi. Bildirilir ki, prosesdə müəyyən çətinliklər də var. Daha öncə yayılan məlumatlarda Aİ-nin Volodimir Zelenski hökumətinə ayrılan və bu yaxınlarda Avropa liderləri tərəfindən təsdiqlənən 90 milyard avroluq kreditin verilmə şərtlərini sərtləşdirə biləcəyi qeyd olunurdu. Şərtlərə əsasən, Kiyev ilk növbədə illik gəliri 77.4 min avronu aşan və güzəştli vergi sistemi ilə çalışan müəssisələr üçün ƏDV dərəcəsini 20 faizə çatdırmalıdır. Eyni zamanda, Kiyev öz tələblərini irəli sürməkdən çəkinmir. Məsələn, Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik ölkəsinə göstərilən hərbi dəstəyin Avropa İttifaqının ÜDM-in bir faizinə qədər artırılmasını tələb edib.
Mənbə
oxu.az