Dünya

Çəki itirməyin "qızıl düsturu": Həftədə neçə kiloqram arıqlamaq idealdır?

28 Apr 2026, 05:52 1 baxış
Çəki itirməyin "qızıl düsturu": Həftədə neçə kiloqram arıqlamaq idealdır?
İnsanların əksəriyyəti yalnız qan təzyiqinin yüksəlməsi, təngnəfəslik və oynaq ağrıları kimi ciddi problemlərlə üzləşdikdən sonra çəkilərini azaltmağa qərar verirlər. Lakin aparılan sorğular göstərir ki, bu insanların 20 faizindən az hissəsi peşəkar tibbi dəstək üçün müraciət edir. xəbər verir ki, bu barədə "aif.ru" saytına açıqlamasında professor, endokrinoloq Olesya Qurova danışıb. Həkim vurğulayıb ki, arıqlama prosesində daxili hisslərə deyil, bədən kütləsi indeksi (BKİ) və belin ölçüsünə əsaslanmaq daha məqsədəuyğundur. Bu parametrlər şəkərli diabet, ürək-damar patologiyaları və digər təhlükələri obyektiv şəkildə dəyərləndirməyə imkan verir. Mütəxəssis qeyd edib ki, artıq çəki uzun müddət özünü büruzə verməsə də, gələcəkdə ağır xəstəliklərin inkişaf ehtimalını yüksəldir. Hətta ümumi bədən çəkisinin 5-10 faiz azalması sağlamlıq risklərinin əhəmiyyətli dərəcədə qarşısını ala bilər. Ekspertin sözlərinə görə, təkcə fiziki aktivlik və pəhriz saxlamaq hər zaman gözlənilən nəticəni vermir. Bədəndə gedən hormonal dəyişikliklər və iştaha nəzarətin pozulması səbəbindən verilən çəkinin yenidən qayıtması (residiv) ehtimalı yüksəkdir: "Belə vəziyyətlərdə müasir təbabətin imkanlarından istifadə etmək, bəzən isə iştahanın cilovlanması və nəticənin saxlanması üçün dərman terapiyası tətbiq etmək lazımdır. Arıqlama prosesi isə tədricən - həftədə 0,5-1 kiloqram azalma ilə həyata keçirilməlidir". Mütəxəssislər piylənməyə xroniki bir xəstəlik kimi yanaşır və fərdi seçilmiş pəhrizlərdənsə, peşəkar həkim nəzarətini daha önəmli hesab edirlər. Digər endokrinoloqlar isə 35 yaşından sonra arıqlamağın çətinləşməsi barədəki mifi yalanlayaraq, bu problemin əsasında daha çox insulin dirənci və hormonal disbalansın dayandığını bildiriblər. Tibb işçiləri eyni zamanda xəbərdarlıq edirlər ki, qısa müddətdə sürətli çəki vermək saç tökülməsi və həzm sistemində müxtəlif problemlərin yaranması ilə nəticələnə bilər. Ən ideal yol isə qidalanma rejiminin tarazlanması, keyfiyyətli məhsulların seçilməsi və porsiyaların düzgün tənzimlənməsidir.
Mənbə oxu.az