Dünya

"Financial Times": Çin hakerləri "ağıllı" cihazlarla Qərb ölkələrinə kiberhücumlar edir

24 Apr 2026, 14:36 1 baxış
"Financial Times": Çin hakerləri "ağıllı" cihazlarla Qərb ölkələrinə kiberhücumlar edir
Çin hökumətinin maraqlarını təmsil edən hakerlər Qərb ölkələrinin infrastrukturuna və müxtəlif qurumlarına kiberhücumların təşkili üçün ev routerləri və "ağıllı" soyuducular kimi şəbəkələrdən mütəmadi olaraq istifadə edirlər. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri məlumat yayıb. Qeyd olunub ki, "Beş göz" ("The Five Eyes") kəşfiyyat alyansına daxil olan dövlətlər başda olmaqla təhlükəsizlik orqanları bu qənaətə gəliblər. Almaniya, Yaponiya, Niderland, İspaniya, İsveç və "Beş göz" ölkələrinin kəşfiyyat xidmətlərinin birgə bəyanatında bildirilir ki, Çinin kiberfəzada taktikasını əhəmiyyətli dərəcədə dəyişməsi onunla əlaqəli hakerlərin aşkarlanmasını çətinləşdirib. Bu isə məxfi məlumatların oğurlanması, eləcə də elektrik stansiyaları və rabitə şəbəkələri kimi obyektlərin işinə müdaxilə cəhdlərini daha uğurlu edib. Qeyd edək ki, "Beş göz" (The Five Eyes) - ABŞ, Avstraliya, Kanada, Yeni Zelandiya və Böyük Britaniyanın kəşfiyyat ittifaqıdır. Birlik çərçivəsində onlar radioelektron kəşfiyyat məlumatlarını mübadilə edirlər. Alyans iddia edir ki, Çin bütün dünyada internetə çıxışı olan on minlərlə ev cihazını, o cümlədən internet marşrutlaşdırıcılarını və digər qadcetləri sındırıb. FT izah edir ki, fərdi istifadəçilər və şirkətlər adətən cihazları aldıqdan sonra onların proqram təminatını yeniləmədikləri üçün belə halların baş verməsi qaçılmaz olur. Avropa kəşfiyyatının adı açıqlanmayan nümayəndəsi nəşrə bildirib ki, hakerlər həmin cihazları "zəncirvari" şəkildə birləşdirərək onların köməyi ilə kiberhücumlar həyata keçirə bilirlər. Onun sözlərinə görə, əvvəllər Əşyalar İnterneti (IoT) cihazları əsasən nisbətən sadə kiberəməliyyatlar üçün istifadə olunurdusa, hazırda bu proseslər getdikcə mürəkkəbləşir. Qərb kəşfiyyat xidmətlərinin məlumatına əsasən, Çinin ən böyük üç kiberqrupu - "Volt Typhoon", "Flax Typhoon" və "Violet Typhoon" artıq bu cür şəbəkələrdən müntəzəm istifadə edirlər. Qərb kəşfiyyatı ilk iki qrupun Çin Xalq Azadlıq Ordusu ilə əlaqəli olduğunu hesab edir. Onların həyata keçirdiyi hücumların ehtimal ki, ABŞ-nin kommunikasiya şəbəkələrini hədəf aldığı bildirilir. "Flax Typhoon" əsasən Tayvan şəbəkələrinə və Tayvanla əlaqəli olan ABŞ hərbi sistemlərinə sızmağa yönəlib. FT yazır ki, ABŞ kəşfiyyat cəmiyyətinin fikrincə, bu cür haker hücumlarının əsas məqsədlərindən biri hərbi və mülki sistemlərin işini geniş miqyasda pozmaqdır. Beləliklə, Çinin Tayvana ehtimal olunan müdaxiləsi zamanı ABŞ-nin reaksiya verməsi çətinləşəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər