Dünya

"Meta" Zukerberqin xərclərini ödəmək üçün əməkdaşlarını ixtisar edəcək

24 Apr 2026, 13:32 1 baxış
"Meta" Zukerberqin xərclərini ödəmək üçün əməkdaşlarını ixtisar edəcək
"Meta" şirkəti kütləvi ixtisarlar elan edib. Təxminən 8 000 nəfər ixtisar olunacaq ki, bu da bütün personalın təqribən 10%-ni təşkil edir. Oxu.Az-ın "Bloomberg"ə istinadən xəbərinə görə, bu barədə şirkətin personal üzrə direktoru Canel Qeyl əməkdaşlara göndərdiyi daxili məktubda məlumat verib. Həmçinin şirkət əvvəlcə açmağı planlaşdırdığı 6 000 vakansiyanı da bağlayacaq. İşdən çıxarılmaların gələn ay baş tutacağı gözlənilir. "Biz bu addımı daha səmərəli fəaliyyət göstərmək və digər investisiyaları kompensasiya etmək üçün atırıq", - Canel Qeyl məktubda bildirib. Nəşr qeyd edir ki, işdən çıxarılmalar "Meta"nın rəhbəri Mark Zukerberqin süni intellekt sahəsində liderlik uğrunda mübarizəsi fonunda baş verir. Söhbət süni intellektə yatırılan nəhəng xərclərdən gedir. Son maliyyə hesabatında "Meta" süni intellekt (AI) infrastrukturuna investisiyaların artdığını və bu il 115 milyard ilə 135 milyard dollar arasında olacağını bəyan edib. Bildirildiyinə görə, Zukerberq böyük dil modelləri və çatbotlar da daxil olmaqla, qabaqcıl süni intellekt məhsullarının hazırlanması üçün lazım olan kadrlara və infrastruktura aktiv şəkildə vəsaitləri xərcləyir. Son aylarda "Meta", həmçinin süni intellekt sahəsində bir neçə milyard dollarlıq müqavilə bağlayıb. Pullar məlumat emalı mərkəzlərinə, həmçinin "Google" və "OpenAI"a çatmaq üçün ən yaxşı mütəxəssislərin cəlb edilməsinə xərclənir. Həmçinin "Microsoft" şirkəti də ixtisarlar planlaşdırır. Şirkət əməkdaşlarına bildirib ki, uzun müddət işləyənlərə könüllü səhm alışı təklif edəcək. Təklif 8 000-dən çox əməkdaşa edilə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər