Dünya
Trampla VIP görüş üçün tələb olunan məbləğ kəskin ucuzlaşdı
ABŞ Prezidenti Donald Trampla VIP görüş üçün tələb edilən məbləğdə kəskin eniş qeydə alınıb. İndi bu təması reallaşdırmaq üçün 539 min dollar ekvivalentində TRUMP memkoini yetərlidir. 2025-ci ildə həmin rəqəm 3.28 milyon dollar səviyyəsində idi. Oxu.Az xəbər verir ki, "Financial Times" nəşrinin yaydığı məlumata əsasən, bu geriləmə bazar iştirakçılarının memkoinlərə olan diqqətinin zəifləməsi ilə əlaqədardır. "CoinMarketCap" platformasının statistikasına görə, TRUMP rəqəmsal sikkəsi özünün maksimal dəyərinə nisbətən 93% ucuzlaşıb. Mütəxəssis Ostin Kempbell bildirir ki, memkoinlərin bazarda dəyəri ümumi olaraq azalır və "Tramp" brendinin gücü bu layihələri gözlənildiyi qədər ayaqda tuta bilmir. Vurğulanır ki, D.Tramp rəqəmsal valyutaları müdafiə etsə də, onun adını daşıyan şəxsi layihələr birmənalı qarşılanmır. 2025-ci ildə dövriyyəyə buraxılan $TRUMP və Melaniya Tramp tərəfindən anons edilən $MELANIA koinləri qısa vaxt ərzində böyük həcm toplasa da, sonradan kəskin şəkildə dəyərdən düşüb. Memkoinlər əksər hallarda ictimai populyarlıqdan asılı olan, çox riskli və spekulyativ rəqəmsal valyuta növləri kimi qəbul edilir.
Mənbə
oxu.az