Dünya
Cəbəllüttariq körfəzində müxtəlif dövrlərə aid 124 batmış gəmi aşkarlandı
İspaniyalı alimlər Cəbəllüttariq körfəzinin dibində müxtəlif dövrlərə aid 124 batmış gəmi aşkar ediblər. Oxu.Az CNN-ə istinadən xəbər verir ki, bu kəşf 2020-2023-cü illəri əhatə edən genişmiqyaslı araşdırmalar nəticəsində mümkün olub. Ümumilikdə mütəxəssislər 151 sualtı obyekt qeydə alıblar ki, onların da əksəriyyəti məhz batmış gəmilərdir. Aparıcı tədqiqatçı Felipe Sereso Andreonun sözlərinə görə, tapıntılar Pun və Roma sivilizasiyalarından tutmuş orta əsrlərə və müasir dövrə qədər geniş bir zaman kəsiyini əhatə edir. Ən qədim gəmi eramızdan əvvəl V əsrə aiddir. İlkin ehtimallara görə, həmin gəmi o dövrdə Kadisdən balıq sousu daşıyırmış. Kəşflər arasında xüsusi maraq doğuranlar isə Napoleon müharibələri dövrünə aid gəmi qalıqlarıdır. Bundan əlavə, arxeoloqlar İkinci Dünya müharibəsi illərində Britaniya donanmasına hücum etmiş İtaliyaya məxsus "Mayale" ultra kiçik sualtı qayığının qalıqlarını da tapıblar. Tədqiqatçılar körfəz dibinin dəqiq 3D xəritəsini yaratmaq üçün exolot və maqnitometrlərdən istifadə ediblər. Felipe Andreo qeyd edib ki, iqlim dəyişiklikləri nəticəsində dəyişən su axınları körfəzin dibindəki yeni obyektləri üzə çıxarır. O, əlavə edib ki, hazırda körfəzin yalnız 400 metrə qədər olan kiçik bir hissəsi tədqiq olunub, bu da gələcəkdə daha çox tarixi tapıntının aşkarlanacağına işarə edir.
Mənbə
oxu.az